Gündəm manşet Partiya Xəbərləri

XALQLA ORDUMUZUN, XALQLA PREZİDENTİN MONOLİT BİRLİYİ QƏLƏBƏNİN BAŞLICA ŞƏRTİDİ

İşğalçı Ermənistanın İyulun 12-də Tovuz rayonunda başlayan və təcavüzkar xarakter daşıyan təxribatlarına Milli Ordumuzun igid və qəhrəman əsgər və zabitləri ağır və sarsıdıcı zərbələr vurmaqdadır.

Tam əminliklə deyə bilərəm ki, bu lokal döyüşlər genişmiqyaslı mərhələyə daxil olarsa qələbəmiz şəksizdir. Ermənilər böyük təşviş içərisindədilər. Ermənistanda mənəvi-psixoloji düşkünlük bütün cəmiyyəti bürüyüb.

Tovuz rayonu ilə həmsərhəd olan ərazilərdə düşmənin hərbi strukturlarının mütləq əksəriyyəti darmadağın edilib, onlarla canlı qüvvəsi məhv olunub, yüzlərlə yaralısını qospitallarda yerləşdirə bilmir. Budur, vandal ölkənin üç günlük lokal döyüşdə məruz qaldığı acı mənzərə. Hələ də davam etmək ehtimalı böyük olan bir neçə günlük əməliyyatlardan hansı nəticələr çıxarmaq olar:

Birinci, illərdən bəri cənab prezident İlham Əliyevin modern, müasir və yüksək keyfiyyətli silahlarla təchiz edilmiş, peşəkar Milli Ordunun yaradılması bir daha ciddi sınaqdan uğurla çıxmaqdadır. Təsdiq olundu ki, həqiqətən Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu içərisində yer alıb və o, Ermənistanı olduqca qısa zaman kəsiyində bir dövlət kimi çökdürmək gücündədir.

İkinci, xalqımızın tam və mütləq əksəriyyəti Ali Baş Komandanla və Milli Ordumuzla bərabər olduğunu böyük coşqu və yüksək əhval – ruhiyyə ilə nümayiş etdirdi. Vətənpərvər gənclərimiz İyulun 14-də yürüş edərək Şəhidlər Xiyabanında Şəhidlərin ruhu qarşısında işğalçı Ermənistandan qisas alacaqlarına and içdilər. Rusiyada yaşayan sahibkar həmvətənlərimiz Dövlətimizlə, Ordumuzla, Xalqımızla bərabər və həmrəy olduqlarını erməni sahibkarlarını zəlil duruma salmaqla göstərdilər. Erməni sahibkarlarının fəaliyyətini Moskva, Sank – Peterburq və digər şəhərlərdə tam blokladılar. Qərbdə yaşayan soydaşlarımız ermənilərin keçirtmək istədikləri aksiyaları sıfırlamaqla kifayətlənmədilər, həm də Ermənistanın səfirlikləri qarşısında işğalçını ifşa edən piketlər keçirdilər.

Üçüncü, Güneyli soydaşlarımız İyulun 12-dən başlayaraq bizimlə bərabər olduqlarını, işğalçı Ermənistanla döyüşə atılacaqlarını önə çəkdilər. Güney Azərbaycanın altı şəhərində o cümlədən, Tehranda mitinqlər keçirərək, qardaş həmrəyliyinə imza atdılar.

Dördüncü, Ali Baş komandan İlham Əliyevin çağırışı ilə minlərlə gəncimiz ordu sıralarında işğalçı Ermənistana qarşı ön cəbhədə döyüşmək üçün səfərbərlik xidmətinə müraciət etdi.

Beşinci, Qardaş Türkiyə Ermənistanın Azərbaycana işğalı başlayandan ilk dəfə açıq mətnlə Xarici İşlər və Müdafiə Nazirləri, xüsusi olaraq Prezident səviyyəsində təcavüzkar ölkəni hədəfə aldılar və Azərbaycanın yanında olduqlarını, ölkəmizə bütün köməkliklərin göstəriləcəyini bəyan etdilər. Pakistan, Kolumbiya, Ukrayna, Türk dövlətləri Şurası, İslam Əməkdaşlığı Təşkilatı Ermənistana işğala son qoyulmasını və Azərbaycanın haqq işini və suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış etdilər. Digər Beynəlxalq təşkilatlar, Minsk Qrupunun həmsədrləri olan ölkələr əvvəlki illərdən fərqli olaraq bizi ayrıca hədəfə almadılar. Hər iki tərəfə atəşi dayandırmaq kimi standart çağrışlar etdilər. Bu nisbi dəyişiklik heç şübhəsiz, cənab Prezident İlham Əliyevin illərdən bəri diplomatiya və xarici siyasətdə qazandığı şəriksiz uğurun məntiqi nəticəsidi.

Və nəhayət, beşinci kalonun təmsilçiləri istisna olunmaqla, 43 partiya, bütövlükdə Kütləvi İnformasiya Vasitələri, sosial şəbəkələrdə xalqımızın mütləq çoxluğu ordumuzla bərabər olmaqla yanaşı, anti-Azərbaycan və anti-milli ünsürlərə qarşı informasiya müharibəsində fəallıq göstərdilər, əhalini çaşdırmağa və xalqımızın ordumuza və Ali Baş Komandana inamsızlıq yaratmaq cəhtləri geniş təpki ilə qarşılandı və internet resurslarında düşmən və düşmənlə bərabər olanlar ifşa edildilər.

Xalqımızla ordunun, xalqımızla Ali Baş Komandanın monolit birliyi bizim tarixi nailiyyətimiz və bütün qələbələrimizin başlıca şərtidi.

İşğalçı ölkə ilə 5 günlük lokal döyüşlərin ortaya qoyduğu reallıq budur!

Fəzail Ağamalı,

Ana Vətən Partiyasının sədri,
Millət vəkili