manşet Müsahİbə və Açıqlamalar

“BU TƏLİMLƏR İŞĞALÇI VƏ ONUN HAVADARLARINA SADƏCƏ XƏBƏRDARLIQ DEYİLDİ, HƏM DƏ…”

Fəzail Ağamalı: “Ehtiyac olarsa, bu məsələ dövlət başçıları səviyəsində öz həllini tapa bilər”

“Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimləri düşmənə sadəcə xəbərdarlıq mesajı deyil

Bu gün Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başa çatıb. Sabah isə Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfər edəcək.

Maraqlıdır, Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Bu münasibətlərin daha da inkişaf etdirilməsi, konfederasiya və s. kimi birlik formasında yeni bir mərhələyə qaldırılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bu münasibətlərin sürətlə inkişaf etdiyini və gələcəkdə daha yüksək pilləyə qalxacağını vurğulayıb:
“Azərbaycan-Türkiyə münasibətləri öz yüksək inkişaf dövrünü yaşamaqdadır. Bu münasibətlər bütün sahələri əhatə edir. Bu, təsadüfi deyil. Ulu öndərimizin dediyi kimi, biz bir millət, iki dövlətik.

Hörmətli Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyə çox gücləndi. Onun rəhbərliyi dönəmində Türkiyənin dövlətçiliyi daha da möhkəmləndi. Beynəlxalq aləmdə nüfuzu daha da artdı. Vaxtiylə Türkiyəni küncə sıxışdıran Qərb, indi Türkiyənin gücü ilə hesablaşmalı olur. Türkiyə həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan sürətlə inkişaf etməkdədir. Türkiyənin bu cür sürətli inkişafında böyük dövlət adamı, Azərbaycana böyük sevgisi olan çox hörmətli R.T.Ərdoğanın misilsiz rolu var. Türkiyə bu gün İraq, Suriya, Livya kimi ölkələrdə öz hərbi qüdrətini ortaya qoyur. Türkiyə Qafqazda da xüsusi aktivlik sərgiləyir və Azərbaycanı birmənalı şəkildə müdafiə edir.

Tovuz istqiamətində gedən döyüşlərdə Türkiyə həm XİN, həm Müdafiə Nazirliyi, həm də ölkə prezidenti səviyyəsində ciddi mövqe ortaya qoydu, Ermənistana və onun arxasındakı ölkələrə əhəmiyyətli mesajlar verdi. Az keçməmiş Türkiyə ilə Azərbaycan arasında on gün davam edən təlimlərin ən uzunu və irimqiyaslı keçirildi. Bu təlimlər işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq mahiyyəti daşımırdı, həm də, ehtiyac olarsa, Türkiyə və Azərbaycanın hərbi qüvvələrinin birgə hərbi əməliyyatlarda iştirakının üsul və formaları məşq edildi.

Son vaxtlar Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi ilə bağlı təkliflər də səslənir, bu da tamamilə mümkündür. Ehtiyac olarsa, dövlət başçıları səviyəsində məsələ öz həllini tapa bilər. Bəzi şəxslər konfederasiya ilə bağlı da fikirlər səsləndirir. Hesab edirəm ki, bu, indiki zaman kəsimində aktual deyil. Ola bilsin ki, gələcəkdə türkdilli dövlətlərin fəaliyətini əlaqələndirəcək yeni formatlar aktual olsun. Bu, istisna etmirəm.
Türkiyə ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir. Və bu münasibətlər bundan sonra da inkişaf edəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünya dövlətlərinin heç birinin arasında bu cür yüksək münasibətlər yoxdur. Münasibətlər hər iki dövlətin strateji maraqlarına tamamilə uyğundur və onların maraqlarına əhəmiyyətli töhvələr verməkdədir”.

“Moderator.az” saytı
Seymur Əliyev
11 Avqust 2020-ci il