manşet Müsahİbə və Açıqlamalar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev nəvəsinin toyu ilə bağlı yeni açıqlama yayıb.

Ramiz Mehdiyev bu dəfə onun barəsində tənqidi fikirlər səsləndirən deputatlara, qəzet redaktorlarına, partiya sədrlərinə səslənib və onları məhkəməyə verməklə təhdid edib.
Yazıda adı çəkilən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında Ramiz Mehdiyevin hələ də yol verdiyi hərəkətin fərqində olmadığına təəssüfləndiyini bildirib: “Pandemiya dövründə toy mərasimlərinin qadağan olunmasına baxmayaraq, nəvəsinin toyu üçün bütün imkanlarını ortalığa qoyan, eyni zamanda bağ evini toy mərasimi keçirilən məkana çevirən, çoxsaylı qonaqları aldadaraq toya dəvət edən məhsuliyyətini çox təəssüf ki, hələ də başa düşmür. Çoxsaylı millət vəkillərinin, jurnalistlərin, müstəqil insanların hər birini məhkəməyə verməklə, onların üzərinə getməklə özünü bir daha bitib-tükənməyən kin-küdürətini göstərməkdədir. Olsun, versin məhkəməyə. Mən şəxsən məhkəmədə onunla üz-üzə gəlməyə birmənalı şəkildə hazıram.
Onda o məhkəmə artıq onun bütün karyerası dövründə törətmiş olduğu çirkin əməllərin və cinayətlərin açılış məhkəməsi olacaq. Əgər özündə bu cəsarəti tapırsa, versin məhkəməyə. Hələ sabah, biri gün də prosesləri izləyəcək və yəqin ki, həftə sonunda öz fikirlərimi ətraflı şəkildə ictimaiyyətə çatdıracağam”. F.Ağamalı onu da əlavə edib ki, R.Mehdiyevin Azərbaycan xalqını məhkəməyə verməyə gücü çatmaz: “Çoxsaylı millət vəkilləri, jurnalistlər, partiya sədrləri və bununla yanaşı minlərlə Azərbaycan vətəndaşının ona qarşı etirazına görə bizləri məhkəməyə verirsə, versin. Onda sosial şəbəkələrdə onun ünvanına tənqidi fikir yazanları da məhkəməyə versin. Bu insanların sayı artıq on minlərlədir. Buna görəsən onun cəsarəti, real imkanları, gücü çatarmı? Onda belə çıxır ki, o, bütün Azərbaycan xalqını məhkəməyə verir”.
“Cebhe.info” saytı
Vilayət Muxtar
25 Avqust 2020-ci il