manşet Müsahİbə və Açıqlamalar

Bakının qurtuluşunun 102-ci ili-tarixçi deputatdan mühüm açıqlamalar

Fəzail Ağamalı: “Bakısız müstəqilliyimiz sadəcə olaraq mümkünsüz idi”

Bu gün Bakının erməni-rus daşnaklarından xilas edilməsindən 102 il ötür. Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Məhz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Osmanlı Türkiyəsi Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

Bakının işğaldan azad edilməsindən 99 il ötür

Onu da qeyd edək ki, Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra isə hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.

Azərbaycanın müstəqilliyinin elan olunmasına bərabər tarixi hadisə » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ana Vətən Partiyasının sədri, deputat, tarix elmləri doktoru, professor Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında tarixi günün önəminə geniş şərh verdi: “Bakı şəhərinin bolşevik və erməni daşnaklarından, eyni zamanda, onlara qoşulan ingilislərdən təmizlənməsindən 102 il zaman keçir. Hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunan Nuru Paşa və onun yaratmış olduğu Qafqaz İslam Ordusu böyük rəşadət və qəhrəmanlıq nümayiş etdirərək, Gəncədən Bakıya qədər ciddi döyüşlərdən və sınaqlardan keçərək Bakı şəhərini düşmənlərdən azad etdi. Əlbəttə ayrı-ayrı tarixi faktlar göstərir ki, bu olduqca çətin bir missiya, vəzifə olub. Lakin həmin tarixi faktları araşdırarkən bəlli olur ki, həqiqətən Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, təmin edilməsində Nuru Paşa və onun silahdaşlarının, xüsusilə, Bakının azad olunmasında Nuru Paşa ilə birlikdə böyük fədakarlıq göstərən Xəlil Paşanın müstəsna xidmətləri olub. Yeri gəlmişkən demək istərdim ki, məhz Azərbaycanın müstəqilliyini təmin etmək üçün may ayının 28-dən bir neçə gün əvvəl mayın 25-də Nuru Paşa Gəncəyə gəldikdən sonra qısa zaman kəsiyində müəyyən ordu toplaya bildi. Haradasa on minlik ordunu səfərbərliyə aldı və onun içərisində 6 mini qardaş türk əsgərləri, 4 minə qədəri də azərbaycanlılar idi. İlk növbədə, Gəncəni ermənilərdən təmizləmək lazım idi. Onun üçün may-iyun aylarında Gəncə və Gəncə ətrafını ermənilərdən təmizləyən Nuru Paşa ən böyük müqavimətlə Göyçay və Kürdəmir istiqamətində qarşılaşdı. Həmin dövrdə Azərbaycanı, xüsusi olaraq, Bakı neftini ələ almaq üçün həm Lenin Rusiyası, yəni bolşeviklər, həm ingilislər, həm də almanlar ən müxtəlif istiqamətlərdə fəaliyyət göstərirdilər. Onların birinin digəri ilə ciddi problemləri olsa da, Bakı neftini ələ keçirmək üçün bir sıra hallarda onların müttəfiqliyi ortada idi. Bunu tarixi faktlar və araşdırmalar birmənalı şəkildə göstərir. Buna baxmayaraq, Nuru Paşa çox böyük çətinliklə avqust ayının əvvəllərinə qədər Gəncədən Bakıya qədər bütün rayonları-Yevlax, Ağdaş, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı-tamamilə bolşevik və daşnaklardan təmizlədi, onları darmadağın etdi, xeyli miqdarda hərbi sursat ələ keçirərək, başlıca istiqaməti Bakıya yönəltdi. Bakıya daxil olmaq üçün ilk hücum əməliyyatı şəhər ətrafında avqustun haradasa beşində oldu. Hücum birləşmiş düşmən qüvvələrinin ciddi və kəskin müqaviməti ilə qarşılaşdı. Nəzərə alsaq ki, həmin dövrdə həm canlı qüvvə, həm də hərbi sursat baxımından Qafqaz İslam Ordusu birləşmiş düşmən qüvvələrindən az, imkanlar da məhdud idi. Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik və daşnakların birləşmiş qüvvələrindən ibarət on minlik qüvvə var idi. Daha sonra Bakıya Dağıstandan rus qüvvələri gətirildi. Eyni zamanda, İrandan ingilis qüvvələri də Bakıya cəlb olundu. Beləliklə, Bakı uğurunda Nuru Paşa rus bolşeviklərə, erməni daşnaklarına və ingilislərə qarşı hücum əməliyyatına başladı. Təəssüflər olsun ki, ilk hücum alınmadı və düşmən müqavimət göstərib Bakını əlində saxladı. Buna baxmayaraq, Nuru Paşa öz fikrində qətiyyətli idi. Şübhəsiz ki, müstəqil Azərbaycan Cümhuriyyətini qoruyub saxlamaq üçün Bakı həyatı, müstəsna əhəmiyyət kəsb edirdi, yəni Bakısız müstəqilliyimiz sadəcə olaraq mümkünsüz idi. Ona görə də, şəhər hökmən azad olunmalı idi. Nuru Paşa qarşısına başlıca məqsəd kimi bunu qoymuşdu. Ona görə də, Qafqaz İslam Ordusu öz imkanlarını, qüvvələrini xeyli dərəcədə gücləndirərək, sayını artıraraq, eyni zamanda, aparmış olduğu danışıqlarda Bakıda yerləşən Azərbaycan türklərinin imkanlarından da istifadə edərək, xüsusi olaraq, Maştağada olan qoçularının, o cümlədən, digər Bakı qoçularının fəal köməkliyi ilə şəhərə ikinci hücumun başlanlanması sentyabrın 13-dən 14-ə keçən gecə nəzərdə tutulurdu. Son dərəcə diqqətlə işlənib hazırlanmış hərbi hücum əməliyyatı nəticəsində Bakının ən müxtəlif istiqamətlərindən ikinci hücum başlandı. Bu əməliyyatda aldadıcı manevrlər də nəzərə alınaraq, Bayıl və Qurd qapısı tərəfindən əməliyyatın edilməsi və Əhmədli və Biləcəri istiqamətlərindən də hücumların təşkil edilməsi və düşmənin mühasirəyə alınması, məhv edilməsi planlaşdırılırdı. Bu əməliyyyat çox uğurla həyata keçirildi və Azərbaycan türklərinin də daxil olduğu Qafqaz İslam Ordusu Bakının mərkəzinə daxil oldu. Daxil olarkən ingilislər İrana üz tutdular, rus daşnakları isə ən müxtəlif istiqamətlərdən Azərbaycanı təkr etdilər. Beləliklə, bu döyüş nəticəsində çoxsaylı rus, erməni ingilis və gürcü zabitləri daxil olmaqla xeyli sayda əsir götürüldü, xeyli sayda hərbi sursat əldə olundu. Bu tarix Bakının işğaldan azad olunması kimi tariximizə yazıldı”.

Ermənilərin qənimi olan Bakı qoçuları - FOTOLAR » Fedai.az

Deputat bu günün olduqca şərəfli bir tarix olduğunu söylədi: “Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasında Nuru Paşanın göstərmiş olduğu xidmətlər müstəsna rol oynadı. Əslində iki ildən sonra qüvvələrini səfərbərliyə alan və vətəndaş müharibəsindən qalib çıxan bolşevik Rusiyası 1920-ci ilin aprel ayında bir daha Azərbaycan üzərinə hücuma keçdilər. Təəssüflər olsun ki, həmin dövrün həm tarixi şəraiti, həm Azərbaycandan olan satqın bolşeviklər, xəyanətkarlar Cümhuriyyətimizin süqutunda mühüm və ciddi rol oynadılar. Bakının işğaldan azad olunması tarixi bir qələbədir. Təsadüfi deyil ki, bu tarixi missiyanın davamını Tovuz istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı Türkiyənin prezidenti, çox hörmətli Rəcəb Tayyib Ərdoğan bir daha önə çəkdi, dilə gətirdi və konkret addımların atılacağını birmənalı şəkildə göstərdi. Artıq Türkiyə ilə hərbi müttəfiqliyə doğru addımlar atmaqdayıq. Düşünürəm ki, o gün çox da uzaqda deyil. Unutmaq olmaz ki, indiki tarixi məqamda qardaş türk ordusunun bir daha Azərbaycanda olması ölkəmizin imkanlarını və gücünü xeyli dərəcədə artırmış, işğal olunmuş torpaqlarımızın azad edilməsində özünün həlledici rolunu oynamış olur”.

 

Cavanşir ABBASLI
“Yeni Müsavat”