manşet Müsahİbə və Açıqlamalar

“İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə”

Azərbaycan dövləti və vətəndaşlarımız 44 günlük Vətən müharibəsində əldə olunan zəfərimizin qürurunu yaşamaqda ikən düşmən ölkə matəm içərisindədir. Bugünlərdə işğalçı ölkədə gərginliklər, qarşılıqlı ittihamlar gündən-günə artır. Amma diqqəti cəlb edən budur ki, Nikol Paşinyanı hədəfə alan siyasi qüvvələr Azərbaycana qarşı işğalçı siyasəti lənətləməkdənsə, məğlubiyyətin səbəblərini müzakirə edir, baş nazirdən hesab istəyirlər.  Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə söhbətimizdə əvvəlcə düşmən ölkədəki ab-havadan bəhs etdik.
– Fəzail bəy, Vətən müharibəsinin nəticələri barədə nə deyə bilərsiniz? Necə bilirsiniz, erməni faşizminin birdəfəlik məhv edildiyini söyləmək hələ tez deyil ki?
– Biz 44 gün ərzində istədiyimizə nail olduq. 7 rayon azad olundu. Onun 4-ü Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində işğalçılardan azad edildi. Həm də Ermənistana, faşist dövlətinə ağır, sarsıdıcı və ölümcül zərbələr vuruldu, onun hərb maşını darmadağın edildi. Ermənistan bir dövlət kimi son dərəcədə ciddi xarakter daşıyan böhranın içərisinə salındı və böhranın bütün əlamətləri Ermənistanda özünü ifadə etməkdədir.  Onsuz da kasıb, rəzil və başqalarından asılı olan ölkə aparmış olduğumuz Vətən müharibəsi nəticəsində daha rəzil bir günə, daha ağır duruma düşdü. Beləliklə, Ermənistanda yaranmış olan bu situasiya, ruhi və psixoloji  gərginlik illər uzunu davam edəcək. Mənim gümanıma görə, Ermənistan cəmiyyəti yaşamış olduğu bu ağır-psixoloji stresdən, illərdən bəri onların baş əydikləri ideologiya yerlə yeksan olduğuna görə çökəcək. Ermənistan cəmiyyətinin çökməsi ilə miqrasiyalar geniş miqyas alacaq, ölkədən kütləvi şəkildə axın başlayacaq. Beləliklə, artıq Ermənistan  bir dövlət kimi tamamilə məhv olub gedəcək. İndi onun bütün elementləri, görüntüləri artıq ortadadır. Bu gün faktiki olaraq Ermənistanı bu vəziyyətdən çıxara biləcək lider görünmür, yoxdur. “Ən parlaq lider”, küçə dəstəyi ilə hakimiyyətə gələn Paşinyan ölkəni olduqca acınacaqlı vəziyyətə saldı və ona qarşı bu gün cəmiyyətin ən müxtəlif təbəqələrində böyük antipatiya var. Digər tərəfdən, klanlararası döyüş özünün kəskin fazasına daxil olub. Yəni yerli ermənilərlə Qarabağ erməniləri arasında hazırda ölüm-dirim mübarizəsi gedir. Hakimiyyətə hansı klan gəlsə, digər klanın onu qəbul etməsi mümkün deyil. Ortaq nöqtəni tapa biləcək şəxsin bu gün Ermənistanda hakimiyyətə gəlməsi gözlənilmir. Beləliklə, Ermənistanda dərin böhran hökm sürür. Çünki bu böhranı yaradan Azərbaycan oldu. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi altında şanlı ordumuz ermənilərin belini qırdı, onun hərb sistemini dağıtdı, cəmiyyətini məhv etdi, Azərbaycanın hesabına özünün bu və ya digər ehtiyaclarını ödəyə biləcək imkanlardan məhrum etdi.
 
– Amma bu gün Ermənistan cəmiyyətinə yenə də revanşist fikir hakimdir. Azsaylı realist düşüncəli şəxsləri çıxmaq şərtilə, mütləq əksəriyyətin yenə də toparlanıb Azərbaycana qarşı təcavüzə başlamaq niyyəti müşahidə olunmaqdadır. Belə qənaətə gəlmək olarmı ki, növbəti savaş qaçılmaz olacaq?
– Bu revanşist qüvvələr uzun illərdən bəri onlarda formalaşan ideoloji-psixoloji xəstəlikdən xilas ola bilmirlər. Bu, nəticə etibarilə onların ruhi vəziyyətinə də ciddi şəkildə təsir göstərir. Mən düşünmürəm ki, illər uzunu, yüz illərdir erməniləri faşist düşüncələri ilə, “Böyük Ermənistan” ideyaları ilə formalaşdıran, “Türk sənin düşmənindir”, məzmunlu ana laylası eşidən ermənilər hələ uzun müddət bu düşüncələrdən xilas ola bilməyəcəklər.  Çünki onların genetikasından irəli gələn bir yanaşmadır. Türkü özünə genetik düşmən hesab edən ermənilər bu xəstəlikdən azad ola bilməyəcəklər. Ona görə də ermənilərin içərisindən çıxan ayrı-ayrı şəxslər, politoloqlar, özünü ziyalı hesab edən, lakin həmin ideologiyanın ötürücüləri olan insanlar revanş əldə etmək üçün müxtəlif cəhdlərdə bulunacaqlar. Lakin Ermənistanın bunu etmək şansı və imkanı yoxdur. Çünki hərb maşını sınıb, ordu darmadağın edilib. 44 gün ərzində Azərbaycanın Silahlı Qüvvələri dünya hərb tarixinə çox böyük yeniliklər gətirdi. Cənab Prezidentin Laçının azad edilməsilə bağlı Azərbaycan xalqına ünvanladığı müraciətində  Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının statistikası diqqətə çatdırıldı. Faktiki olaraq Ermənistanın hərb maşını yoxdur, bitib, sınıb, canlı qüvvəsi tamamilə ruh düşkünlüyü içərisindədir. Çünki müzəffər Ordumuz onlara qan uddurub. Hətta başqa ölkədən gələn muzdlunun dediklərini oxudum, deyir onlar ölüm mələyi idilər, gəlirdilər səngərdə olanlarımızı qırırdılar və yoxa çıxırdılar. Baxın, görün, Azərbaycan ordusu, düşməni nələr etiraf etməyə vadar eləyib. Ondan başqa, müharibənin gedişində qondarma rejimin yaramaz, şərəfsiz başçısının açıqlamaları var idi ki, oktyabrın əvvəllərində müharibəni dayandırmaq lazım idi. O, Köçəryan, Ter-Petrosyanın, Sərkisyanın, digər hərbi mütəxəssislərin adından çıxış edirdi. Görün Azərbaycan oktyabrın ortalarınadək Ermənistana necə divan tutmuşdu. Lakin Paşinyan bizə sərf edən taktikanı götürdü və Ermənistanı çökdürdü. Ona görə də revanşist qüvvələrin hər hansı şəkildə Azərbaycan üçün problem yaradacağına mən qətiyyən inanmıram.
 
– Laçın şəhər mərkəzinin və dəhlizin müəyyən hissəsinin yeni dəhliz açılanadək Rusiya sülhməramlılarının nəzarətində qalması ermənilərdə ümid yaradır ki, yenidən xam xəyallarını reallaşdırmaq üçün hərəkətə keçə bilərlər. Siz bu vəziyyətlə bağlı narahat deyilsiniz ki?
– Mən qətiyyən narahat deyiləm. Birincisi, həmin nəzarət postunda eyni zamanda Azərbaycanın Silahlı Qüvvələri olacaqlar, bu, bəyanatda öz əksini tapıb. Ümumi razılaşmaya görə, gələnləri və gedənləri Azərbaycan hərbçiləri yoxlayacaq ki, görək bu yolla kimlər gəlir, nələr gətirilir.
– Sosial şəbəkədə bəzi azərbaycanlı ekspertlər də bu duruma görə narahatlığını ifadə edirlər…  
– Mən bu narahatlığı başa düşürəm. Onların vətənpərvərliyini də yüksək qiymətləndirirəm. Ancaq onlara müraciət edib demək istəyirəm ki, əgər bizi bu qələbəyə gətirib çıxaran möhtərəm cənab Prezidentimiz, xilaskarımız, Ali Baş Komandanımız varsa, deməli, arxayın ola bilərlər! Ona görə də hər hansı subyektiv amillərdən doğan və cəmiyyətdə narahatlıq yaradan fikirləri gündəlikdə çox tirajlamasınlar. İlk növbədə demək istəyirəm ki, faktiki olaraq Laçından bütün ermənilər çıxarılıb, orada erməni yoxdur. Digər tərəfdən, Laçın dəhlizinə sülhməramlılarla bərabər, Azərbaycanın Silahlı Qüvvələri də nəzarət edəcək. Ermənistandan Azərbaycana, Azərbaycandan Ermənistana gedən bütün avtomobillər, yük maşınları Azərbaycan hərbçiləri tərəfindən yoxlanılacaq. Sülhməramlı qüvvələr ancaq iki xalq arasında qarşıdurmaya imkan verməmək, əgər belə hal olarsa, onun qarşısını almaq üçün oradadır. Sülhməramlı qüvvələr Laçının sahibi deyillər! Bu gün Laçının sahibi Azərbaycandır! Həmin dəyərli soydaşlarımıza da xatırlatmaq istərdim ki, artıq Laçında Azərbaycanın bayrağı sancılıb. 30 noyabrdan 1 dekabra keçən gecə hər birimiz gördük, Azərbaycanın Silahlı Qüvvələri Laçının lazım olan yerlərində yerləşiblər və möhkəmləniblər. Laçın bizdədir, buna qətiyyən şübhə ola bilməz! Bu gün bəzi siyasət dəllallarının, vaxtilə “Azərbaycan niyə müharibə etmir”, deyərək bağıran və bağıra-bağıra səsi tutulanlar indi ayrı formada “val”ı çevirərək həmin bağırtıları səsləndirirlər. Yenə də çalışırlar ki, Azərbaycan dövlətinə etimadsızlıq yaratsınlar. Yenə onlar ermənilərin, fransızların yanındadırlar.  Zəfər döyüşünü uğurla baş çatdıran, bir şəhid vermədən 3 rayonumuzu Azərbaycanın ərazisinə qaytaran möhtəşəm, müdrik, uzaqgörən Prezidentimizə inanmalıyıq. Ondan sonra bu inamı davam etdirməliyik, onun ətrafında 44 gün olduğu kimi, yenə də sıx birləşməliyik və Azərbaycanın əleyhinə orada-burada şər-böhtan atan insanlara qarşı özümüzün iradəmizi yenə ortalığa qoymalıyıq.  Bu gün şarlatanlar, hər zaman Azərbaycanın zəifləməsinə xidmət edən ermənilərin, erməni lobbisinin yanındadır. Ona görə də mən bir daha tam məsuliyyətlə deyirəm ki, Laçın artıq Azərbaycanın tərkibindədir, Laçın üzərində tam nəzarəti həyata keçiririk. Artıq 7 rayon, həmçinin Şuşa bizimkidir.
– Bəs növbəti mərhələdən nə gözləyirsiniz? Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ilə bağlı suallara cavabınızı eşitmək istərdik. Varmı cavablar?
– Növbəti mərhələdə biz artıq siyasi-diplomatik yolla möhtərəm Prezidentimizin aparmış olduğu ardıcıl siyasətin konkret nəticələrini görəcəyik. Azərbaycan bayrağı tədricən Xankəndində,  Əsgəranda, Xocalıda, Ağdərənin, Xocavəndin hər yerində, yaxın zaman kəsiyində dağalanacaq.  Ola bilsin ki, bu, müəyyən zaman çəkəcək. Bu zaman bizi darıxdırmalı deyil. Biz ərazi bütövlüyümüzü təmin etmişik, bu yolda olduqca əhəmiyyətli və ciddi addımlar atılıb.
– Fəzail bəy, yəqin siz də təsdiqləyirsiniz ki, Vətən müharibəsinin yekunu olaraq Naxçıvana və həmçinin Türkiyəyə birbaşa quru dəhliz-yolun açılması da çox ciddi, tarixi hadisə oldu, elə deyilmi? 
– Bəli, bu bəyanatın ən mühüm, üstün cəhətlərindən biri ondan ibarətdir ki, Mehri istiqamətindən Naxçıvanla Azərbaycanın digər əraziləri birləşdirilir, onlar arasında quru əlaqə yaradılır. Yəni həm dəmir yolu, həm avtomobil yolu əlaqəsi qurulur. Ən əhəmiyyətlisi budur ki, yola Rusiyanın sərhəd qoşunları nəzarət edir. Eyni zamanda bu, qardaş Türkiyənin də Azərbaycanla  birbaşa quru əlaqələrini daha qısa şəkildə təmin edir. Bütövlükdə çox strateji mahiyyət daşıyan bir açılışdır.
– Bakı-Naxçıvan qatarının ilk sərnişini olmaq istərdinizmi?
– Çox böyük məmnuniyyətlə ilk qatarın ilk sərnişinlərindən biri olmağı arzulayardım. Çünki həm də uzun illər boyu mən yaşadığım Zəngəzurun Qarakilsə rayonunun Şıxlar kəndinə məhz həmin dəmir yolundan istifadə edərək, Naxçıvanda düşərək, avtomobillə rayonumuza getmişəm. Bu, mənim üçün nostalji və həm də çox rahat bir yoldur. Nəzərə alsaq ki, o yol eyni zamanda Arazboyu gedir və Arazboyu getdikcə cənublu soydaşlarımızın ruhunu orada duyuruq, mənəvi bağlılıq əmələ gəlir. Bu baxımdan da mənim üçün xüsusi önəm kəsb edir. Məmnuniyyətlə düşünürəm ki, o yol açılanda ilk sərnişinlərdən biri olacağam. İnşallah, uca Yaradanımız o günü mənə qismət edər.
– Yəqin ki, Türkiyə əsgərinin tezliklə Qarabağda olmasını siz də gözləyirsiniz, eləmi?
– Artıq Türkiyə əsgəri Azərbaycandadır. Vaxtilə keçirilən təlimlərdən sonra yaranmış situasiyaya görə Azərbaycanda qaldılar, lakin müharibə prosesinə qoşulmadılar. Çünki bu, Azərbaycanın özünün milli savaşı idi, dövlət özünün iradəsini ortaya qoyaraq, öz gücünü nümayiş etdirdi. Odur ki, bizim Türkiyənin Silahlı Qüvvələrinə ehtiyacımız yox idi. Əgər başqa bir dövlət Ermənistanın yanında olsaydı, təbii ki, qardaş Türkiyə və Azərbaycanda olan əsgər və zabitlər, hərbi kontingent də bizimlə bərabər olacaqdılar. Onlar hər zaman bizimlə bərabərdirlər, təlimlərdə bərabərdirlər. Bir ildə on dəfədən artıq birgə təlimlərin keçirilməsi Türkiyə əsgərinin burada olması deməkdir. Yəni bu, yox deyil, var mahiyyəti daşıyır. Tezliklə ortaq Monitorinq Mərkəzinin yaradılması ilə bağlı texniki məsələlər də başa çatdırıldıqdan sonra türk qardaşlarımızı burada görəcəyik. Ehtiyac olarsa, mehmetciklərimiz Azərbaycan əsgərləri ilə birgə digər yerlərdə də olacaq, çünki bu, Azərbaycanın suveren hüququdur. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanın istənilən bölgəsində yerləşməsi və Azərbaycan əsgərləri ilə bərabər olması Azərbaycanın seçimidir, buna hər hansı bir dövlətin qarışmaq hüququ, həm də imkanı yoxdur.  Mən istərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla və bizlərlə birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə!
“Yeni Müsavat”