manşet Müsahİbə və Açıqlamalar

“Bu parad Ermənistandakı revanşist qüvvələrə ciddi mesaj olacaq” – Fəzail Ağamalı

“Azərbaycan olduqca tarixi günlər yaşayır. 200 ildən çoxdur üzərimizə gələn və son 30 ildə təpədən-dırnağa qədər silahlanan faşist Ermənistana Ali Baş Komandanın rəhbərliyi altında igid və qəhrəman Silahlı Qüvvələrimiz sarsıdıcı zərbələr vurub, onun hərb maşınını darmadağın etdi. Onsuzda ağır vəziyyətdə olan Ermənistan daha fəlakətli duruma düşüb, dalandadır. Onun bu dalandan nə zaman çıxacağı, haçan normal vəziyyətə qayıdacağı sual altındadır”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azadlıq meydanında keçirilən hərbi parad haqqında danışarkən deyib.

O əlavə edib ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü yaşayır: “44 gün ərzində müharibədə bizə sevinc gətirən Azərbaycan Ordusunun sayəsində zəfər gününü yaşayırıq. Əlbəttə, bu gün xalqımızın, Silahlı Qüvvələrimizin böyük bayramıdır. Bu parad həm də Ermənistana, onu himayə edən dövlətlərə ciddi mesajdır.

Hərbi paradla Silahlı Qüvvələrimizin görüntüləri, hərbi arsenala daxil olan yüksək və modern silahları nümayiş etdiriləcək. Beləcə ordumuzun qüdrəti təqdim ediləcək. Heç şübhəsiz ki, bu, Ermənistandakı revanşist qüvvələrə də ciddi mesaj olacaq. Onlar bu parada baxaraq nəticə çıxarsın, real imkanları ilə ayaqlaşmayan sərsəm bəyanatlarla çıxış etməsinlər. Hər halda məncə, bu, həm Ermənistana, həm Ermənistanı himayə edən dövlətlərə, həm də Azərbaycanın dostlarına mesajdır. Bundan sonra hər il Azərbaycanda Zəfər Bayramı qeyd ediləcək və biz hamımız xoş günlər yaşayacağıq”.

  • TELEQRAF.COM