manşet Müsahİbə və Açıqlamalar

MƏHZ XALQLA ÖLKƏ PREZİDENTİNİN VƏHDƏTİ QƏLƏBƏMİZİ TƏMİN ETDİ

Bu gün müstəqil Azərbaycan dövlətinin sayca 6-cı paradı keçirildi. Öncəki paradlardan 10 dekabr tarixində keçirilən paradı fərqli edən onun mahiyyəti idi. Bu gün keçirilən parad Zəfər paradı idi. Azərbaycan bütün dünyaya, ən önəmlisi düşmənə öz gücünü, sevincini, müharibədən sonra qoruyub saxladığı döyüş qabiliyyətini göstərmiş oldu.
Düşmən üzərində qalibiyyətin təmin olunmasında Azərbaycan bir xalq olaraq iştirak etdi. Müxtəlif peşə sahibləri, işləyən və ya işləməyən namuslu hər bir azərbaycanlı müharibəyə öz töhfəsini verdi.
Təbii ki, ordu quruculuğu, uğurlu xarici siyasət, uyğun zamanın seçilməsi ilə və bir çox amillərlə qalibiyyəti təmin edən ilk növbədə Ali Baş Komandan İlham Əliyev oldu. Sərkərdəsi zəif olan ən güclü ordu belə uğur qazanmaq iqtidarında deyil. Ölkə prezidentinin fəaliyyətinin hər günü ordu quruculuğuna, beynəlxalq aləmdə Azərbaycanın müttəfiqlərinin və dostlarının artmasına xidmət etmişdir. Əldə olunan uğur ilk növbədə cənab İlham Əliyevin adı ilə bağlıdır!
Ordu! Vətən sevgisi, hərbi hazırlığın yüksək səviyyədə olması qısa zamanda qələbəmizi təmin etdi. Şəhidlik zirvəsinə yüksəlməyi fəxr hesab edən Azərbaycan əsgəri düşmənə layiqli yerini göstərdi. 44 günlük müharibənin gedişi dünya hərb tarixində uzun illər araşdırılacaq və tətbiq olunacaq.
Vitse Prezident! Məhz Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müxtəlif ölkələrdə həyata keçirdiyi humanitar layihələr ölkəmizə məhəbbət hisslərinin yaranmasına və dostların çoxalmasına səbəb olmuşdur. Məhz bu dost siyasətçilər, incəsənət xadimləri, jurnalist və ictimai xadimlər müxtəlif ölkələrdə erməni diasporuna və dostlarına qarşı dayandılar və Azərbaycanın haqq davasını müdafiə etdilər.
Azərbaycan həkimləri! Qələbənin qazanılmasında həkimlərimizin rolu və iştirakı əsgərlərimiz qədərdir. Bəzən sutka ilə yuxusuz qalan, hər bir yaralı əsgərimizin həyatda qalması və yaşaması uğrunda mübarizə aparan Azərbaycan həkiminin fədakarlığı əvəzsizdir.
Hüquq mühafizə orqanları! Arxa cəbhədə sabitliyi təmin edən hüquq mühafizə orqanlarının fəaliyyətini qeyd etməmək ən azından haqsızlıq olardı.
Jurnalistlər! Xalqı cəbhə xəbərləri ilə təmin edən, həyatını təhlükəyə ataraq ön cəbhədən reportajlar hazırlayan, xalqın arasında ajiotaj yaratmamaq üçün ümumi siyasi xəttə uyğun məlumatlar hazırlayan jurnalistlərin fəaliyyətini görməməzlikdən gəlmək haqsızlıq olardı (xaricdən, Azərbaycan düşmənləri tərəfindən maliyyələşdirilən az sayda jurnalist istisna olmaqla).
Azərbaycan müəllimi! Döyüş meydanında qəhrəmanlıqlar yazan əsgərlərin vətənpərvər ruhda böyüməsində, qisas hissi ilə alovlanmasında müəllimlərin əziyyətini qeyd etməmək ədalətsizlik olardı. İllərdir məktəblərdə vətənpərvər ruhda tədbirlərin, işğal altında olan torpaqların anım günlərinin keçirilməsi gənclərimizin döyüş ruhunu yüksəltmişdir.
Partiyalar! Birinci Qarabağ savaşı göstərdi ki, müharibədə uğurların təmin olunmasında ölkədə sabitliyin olması, hər kəsin bir nöqtəyə vurması vacib amildir. Birinci Qarabağ savaşında məğlubiyyətə uğramağımızın səbəblərindən biri məhz ölkədə hərc mərcliyin olması idi. Müharibənin ilk günlərindən ölkə prezidentinin yanında olan, tam dəstəkləyən, siyasi mübarizəsini kənarda qoyan və siyasi sabitliyin qorunmasını təmin edən siyasi partiyaları qeyd etmək lazımdır (qaragüruh, ölkə düşmənlərinə xidmət edən iki partiyanı çıxmaq şərtilə).
Azərbaycan kişisi! Qələbənin təmin olunmasında orduya çağrılmaq üçün öz növbəsini gözləyən yüz minlərlə Azərbaycan kişisini mütləq qeyd etmək lazımdır. Düşmən orduya çağrılmaq üçün ehtiyatda olan qüvvə tapmadığı halda, azərbaycanlı kişisi toy bayramla, könüllü olaraq döyüşə gedirdi. Ordu rəhbərliyi əmin idi ki, itkilərin yerini doldurmaq üçün heç bir narahatçılıq yoxdur və müharibənin davam edəcəyi bütün müddət ərzində ordu müharibə qabiliyyətini qoruyub saxlayacaqdır.
Azərbaycan qadını! Müharibənin getdiyi zaman sosial şəbəkələrdə düşmənlə informasiya müharibəsində onların iştirakı məni ən çox təsirləndirən faktlardandır. Vətənə öz töhfəsini vermək istəyən xanımlarımız erməni saytlarında düşmənin layiqli cavabını verirdilər. Əsgərlərimiz döyüş meydanlarında necə döyüşürdülərsə xanımlarımız da sosial şəbəkələrdə ermənilərə qarşı eyni əzimlə döyüşürdü.
Xaricdə yaşayan həmvətənlərimiz! Diaspora nümayəndələrimiz güclü erməni diasporunun qarşısında ləyaqətlə dayandılar və həqiqətlərin yaşadıqları ölkələrin əhalisinə çatdırılmasında uğurla fəaliyyət göstərdilər (ermənilər tərəfindən maliyyələşdirilən az sayda vətən xainləri istisna olmaqla).
Sahibkarlar! Yardım fonduna, cəbhəyə yardım göstərən sahibkarlar da xalqla bir olduqlarını göstərdilər. Cəbhədə döyüşən əməkdaşlarının əmək haqlarını saxlamaqla ailələrinə dəstək verən sahibkarlarımız müharibəyə öz töhfələrini verdilər.
Bəli. Məhz xalqla ölkə prezidentinin vəhdəti qələbəmizi təmin etdi. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı!

Elçin Ağamalı,
AVP Mərkəzi Aparatının rəhbəri