manşet Müsahİbə və Açıqlamalar

“Cənubi Azərbaycanda müxtəlif şəhərlərdə ədalətli mübarizəmizi müdafiə edən çox böyük mitinqlər keçirilirdi”

Son günlərdə gərginləşən Türkiyə-İran münasibətləri düzəlmək bilmir. Qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi ilə bağlı Bakıda keçirilən möhtəşəm Zəfər paradında çıxışı zamanı söylədiyi bayatı cənub qonşumuzun yuxusunu ərşə çəkib. Türkiyə prezidentinin məşhur mahnıdan söylədiyi “Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar” misraları rəsmi Tehranı hərəkətə gətirib.
İrandakı türk səfirinin Xarici İşlər Nazirliyinə çağırılması, eləcə də cənub qonşumuzun XİN rəhbəri Məhəmməd Cavad Zərifin məsələyə sərgilədiyi mövqeyə Türkiyənin verdiyi layiqli adekvat cavablar bir bayatının yaratdığı səs-küyün əks-sədasını göstərir. Ekspertlər hesab edirlər ki, Ərdoğanın ərazilərin zorla bölünməsini xatırlatmasından ciddi təlaş keçirən rəsmi Tehran əslində bu sərgilədiyi davranışla Azərbaycanın cənub ərazilərini işğal etdiyinin fərqində olduğunu da göstərir. Eyni zamanda bu bayatını sıradan bir dövlət rəhbərinin deyil, bütün dünyada Azərbaycanın qardaşı kimi tanınan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk günlərdən sona qədər rəsmi Bakını tək buraxmayan bir ölkənin prezidentinin dilə gətirdiyi önə çəkilir. İranın da məhz bu səbəbdən əsarət altında saxladığı milyonlarla Cənubi Azərbaycan türkünün ayaqlana biləcəyindən, ictimai fəallığın artacağından, eyni zamanda güneyli soydaşlarımızın bu misraları mesaj kimi qəbul edib, birləşmək uğrunda mübarizəyə qalxa biləcəyindən ciddi narahatlıq keçirdiyi qeyd olunur.
Ana Vətən Partiyasının sədri, tarixçi deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında Cənubi Azərbaycan mövzusunun hər zaman gündəmdə olduğunu söylədi: “Təbii ki, Azərbaycanın Müzəffər Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsi regionda, xüsusilə ölkəmizdə çox fərqli bir durum yaradıb. Uzun illərdən bəri öz himayədarlarının vasitəsilə ərazilərimizi işğal edən vandal Ermənistan, nəhayət, tarixi dərsini aldı və ordumuz ona sarsıdıcı, ölümcül zərbələr vurdu. Ermənistan bu zərbənin uzun illər acı və ağır nəticələrini yaşayacaq. Buna qətiyyən şübhə yoxdur. Necə ki, bu gün o çalxalanır. Nə edəcəyini, vəziyyətdən necə çıxacağını konkretləşdirə bilmir. Əlbəttə, qələbəmiz cənublu soydaşlarımızın da fəal dəstəyi ilə müşayiət olunurdu. Müharibə başlayan ilk gündən dəyərli güneyli soydaşlarımız böyük coşqu ilə Azərbaycanın əldə etmiş olduğu qələbələri diqqətlə izləməkdə və bunu böyük ruh yüksəkliyi ilə qəbul etməkdə idi. Hətta xatırlatmaq istərdim ki, başqa ölkələrdən, xüsusilə Rusiyadan İran vasitəsilə Ermənistana ayrı-ayrı yüklərin daşınması böyük etiraz doğurmuş, ciddi narazılığa səbəb olmuşdu. Müzəffər Ordumuz Araz boyu torpaqlarımızı düşməndən azad edərkən Arazın o tayında olan soydaşlarımızın ermənilərə qarşı nifrətini və ordumuza qarşı məhəbbətini ifadə edən fikirlərinin, çağırışlarının şahidi olurduq. Cənubi Azərbaycanda müxtəlif şəhərlərdə ədalətli mübarizəmizi müdafiə edən çox böyük nümayişlər, mitinqlər də keçirilirdi. Baxmayaraq ki, buna İran rejimi ciddi şəkildə maneçilik törətməyə çalışırdı. Fars rejiminin nə deməsindən asılı olmayaraq, biz bir millətik. 1828-ci ildə Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsi ilə torpaqlarımız iki hissəyə bölündü.
Güneyli və qüzeyli bir həsrət yaşadıq. Bunu bu günə qədər də yaşayırıq. İran rejimi unutmalı deyil ki, indiki İran dövlətinin yaradıcısı da məhz türksoylu böyük şəxsiyyətlər olub. XX əsrin 20-ci illərində yenə də dünya güclərinin hesabına İranda farslar hakimiyyətə gətirildi. Bu gün fars rejimi oradakı soydaşlarımızı diskriminasiya edir. Cənubda olan 40 milyona yaxın Azərbaycan türkü öz dilində oxumaq, təhsil almaq və dilindən geniş şəkildə istifadə etmək hüquqlarına malik deyil. Baxmayaraq ki, İran konstitusiyası bunu tamamilə qadağan edir. Bunları deməkdə məqsədim odur ki, əslində bu tarixi həqiqət ayrı-ayrı poemalarda, şeirlərdə vəsf olunub, önə çəkilib. Həm onu Şəhriyarın şeirində, həm də ustad Bəxtiyar Vahabzadənin şeirlərində, xüsusi olaraq, onun ”Gülüstan” poemasında görmüşük. Eyni zamanda çoxsaylı azərbaycanlı şairlərin hər biri cənub mövzusuna müraciət edib. Xüsusilə sovet dövründə Süleyman Rüstəmin “Təbrizim” şeiri deyərdim ki, manifest xarakteri daşıyan bir şeir kimi hər zaman Azərbaycan türklərinin dilinin əzbəri olmuşdu. Folklorlarda, aşıq sənətində daim cənub-şimalın bir-birindən ayrılması və bu ayrılmanın ortasından keçən Arazın üzərinə bəzən hüznlü, bəzən kövrək, bəzən də acıqlı, ittihamlı xarakter daşıyan şeirlər, mahnılar yazılıb. Bunlar dillər əzbəri olub. Bu gün də bu belədir”.
Deputat Türkiyə rəhbərinin işlətdiyi bu misralardan sonra İranın yuxusunun qaçmasına təəccüblənmir: “Rəcəb Tayyib Ərdoğanın söyləmiş olduğu bu bayatı tamamilə reallığı özündə əks etdirən bir faktdır. Əlbəttə, onun səviyyəsində dünyaçaplı dövlət xadiminin, siyasətçinin dilindən bu bayatının səslənməsinin çox böyük mənəvi, siyasi təsiri var. Görünür ki, İran rəsmiləri məhz bundan narahatlıq keçirərək çox dəyərli, qardaş türk dövlətinin rəhbərinin söyləmiş olduğu bu misralardan çox əndişələniblər, həyəcan keçiriblər. Ən müxtəlif səviyyələrdə buna çox gülünc cavablar verməyə cəhdlər olunur. Tamamilə əminəm ki, 44 günlük döyüş meydanında Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuzun böyük uğurları və Şuşamızın azad edilməsi ilə Zəfər Günümüzün reallaşması, dövlətimizin gücünün, imkanlarının, reytinqinin dünya səviyyəsində artması İranı hər zaman narahat edib. İndi xüsusi olaraq onlar bu baxımdan narahatdırlar. Şübhə etmirəm ki, cənublu soydaşlarımızın heç zaman sönməyən, hər zaman gizli və ya açıq şəkildə özünü ifadə edən milli hərəkatı artıq özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Biz bunun konkret nəticələrini yaxın vaxtlarda görəcəyik. Ola bilsin ki, çox hörmətli Rəcəb Tayyib Ərdoğan da bir intuisiya ilə bunu dilə gətirməyi vacib hesab etmiş və bu baxımdan öz töhfəsini vermiş, Güney və Quzeyin vahid bir məkanda birləşməsi arzusunu bayatı ilə ifadə etmişdi. Bütün bunlar kimin nə deməsindən asılı olmayaraq tarixin obyektiv qanunauyğunluğu və gedişidir. Tarixin bu və digər zaman çərçivəsində həyata keçirdiyi ədalətsizliyi tarixin özü hər zaman aradan qaldırır. Bu hər kəs üçün bir aksiomadır”.
“Yeni Müsavat” saytı
Cavanşir
15 Dekabır 2020-ci il