manşet Müsahİbə və Açıqlamalar

Fəzail Ağamalı: “Şuşada fəaliyyətə başlayan DTX buna imkan verməyəcək”

Nəhayət, Xankəndinin beş addımlığında dövlətimizin görən gözü, döyünən ürəyi, düşmənin yuxularını ərşə çəkdirən, gününü göy əskiyə bükən, uzun aylardan bəri yağı düşməni içindən – çölündən söküb hissələrə parçalayan, ayaqlarının dəydiyi Vətən torpaqlarında üç rəngli bayrağımızın təməlini qoyan və zəfər toxumlarını səpən, dövlətçiliyimizə misilsiz xidmətlərilə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yüksək inamını qazanan Dövlət Təhlükəsizlik Xidməti Şuşada məskunlaşdı.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Deputat qeyd edib ki, yüksək peşəkarlığı, sadəliyi, dövlətçiliyimizə sədaqəti və vətənpərvərliyilə cəmiyyətimizdə böyük rəğbət qazanan Əli Nağıyevin erməni faşistləri üzərində əldə etdiyimiz qələbələrdə əhəmiyyətli xidmətləri danılmazdır. Bu bir həqiqətdi ki, DTX-nın fəaliyyəti haqqında olduqca məhdud informasiyalar var. Ancaq ortada konkret fakta söykənən reallıq mövcuddur. Belə ki, “Dəmir Yumruq” hərbi əməliyyatının getdiyi günlərdə cənab prezident tərəfindən yüksək hərbi rütbə verilən bir neçə şəxsin sırasında Əli Nağıyev də var idi. Onun General – Polkovnik ali rütbəsinə layiq görülməsi məncə, tam üstün xidmətin ifadəsi idi. Həmin günlərdə Ermənistan təhlükəsizlik xidmətində isə vəziyyət çox acınacaqlı durumdaydı. Düşmən ölkənin bu qurumunun rəhbərləri dalba-dal istefaya göndərildi. Məncə, bu, Əli Nağıyevin rəhbərliyi altında Ermənistan dövlət təhlükəsizlik sistemini iflic etmə əməliyyatlarının həyata keçirilməsi ilə bir başa bağlı idi. Döyüş meydanında qəhrəman Silahlı Qüvvələrimiz işğalçı Ermənistan ordusunu darmadağın edir, gözə görünməz məkanda isə Təhlükəsizlik xidmətinin vahimə yaradan igidləri düşmən ölkəni daxildən dağıdır, təhlükəsizlik xidmətini çökdürürdü.
“Şuşada fəaliyyətə başlayan DTX, tarixi torpaqlarımızda ən güclü əllərin belə, məkirli planlarının reallaşmasına imkan verməyəcəkdir. Bu, şübhəsizdir. Yaxın aylarda bayrağımızın Xankəndində, Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə dalğalanmasının şahidi olacaq, şəhid vermədən əzəli torpaqlarımızdan separatçı, terrorçu, faşist erməni tör-töküntülərinin təmizlənməsi prosesi ardıcıl və yüksək peşəkarlıqla həyata keçiriləcək və bu torpaqlarımızda da əmin-amanlıq təmin olunacaqdır.
Uğurlar, Sizə xilaskar niyyətli igidlərimiz!” – Fəzail Ağamalı sonda vurğulayıb.
“Demokrat.az” saytı
24 Dekabr 2020-ci il