manşet Müsahİbə və Açıqlamalar

“Tofiq Yaqublu artıq ağlını itirib, özünü idarə edə bilmir və dediyi sözlərin məsuliyyətini anlamır”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, ictimai rəyə təsir imkanları, cəmiyyətdə heç bir nüfuzu olmayan T. Yaqublu Qarabağdakı zəfərimizə kölgə sala bilməz:
“Bu adam Azərbaycan cəmiyyətində nüfuzu olmayan bir şəxsdir. Sadəcə zəfərimizə ləkə atmaqla məşğuldur deyə ictimai rəydə də kifayət qədər qınaqla üz-üzə qaldı. Elə jurnalistlərin və sosial şəbəkələrin aktiv istifadəçiləri tərəfindən ona layiqli suallar və dediyi fikirlərə cavablar ünvanlanır. Sadəcə olaraq bu adam və onun kimilər 44 gün ərzində əlacsız şəkildə susmuşdular. Heç Azərbaycan Ordusunun da yanında deyildilər. Pusquda dayanmışdılar və gözləyirdilər ki, proseslər hara istiqamətlənəcək. Xatırlayıram ki, sonda Azərbaycan xalqının kəskin reaksiyasından çəkinərək dilucu bir xoş sözlər səsləndirdilər. Şuşanın alınması ilə bağlı bu tip insanlar və elə Yaqublunun söykənmiş olduğu Əli Kərimli dilucu təbrikini verdi. Bundan sonra artıq əllərinə verilmiş siyasi “respetlər” əsasında ordumuzun əldə etmiş olduğu zəfərləri, tarix yazan qəhrəmanlıqlarını kənara qoyaraq, hətta bunu şübhə altına alaraq öz ağalarının sözlərini deməyə başladılar”.
Fəzail Ağamalının sözlərinə görə, bu qüvvələr uzun illərdir ki, xaricdən idarə olunurlar. O, Tofiq Yaqublunun Əli Kərimlinin dəstəsində olmasını təsadüfi hal hesab etmir:
“Tofiq Yaqublu AXCP sədrinin xüsusi tapşırıqlarını yerinə yetirir və bu cür vicdana sığmayan açıqlamalar verir, sosial şəbəkələrdə ağına-bozuna baxmadan nə gəldi danışır. Bu adam artıq ağlını itirib, özünü idarə edə bilmir, dediyi sözlərin məsuliyyətini də anlamır. Baxmayaraq ki, ölkə Prezidenti ona səhvləri müqabilində hər zaman mərhəmətini göstərib, cinayət əməlinə rəğmən azadlığa, ailəsinə qovuşmasını təmin edib. Yenə də o artıq özü-özünü idarə edə bilmədiyini göstərməyə başlayıb.
Kimin nə deməsindən asılı olmayaraq, Ali Baş Komandan özünü güclü sərkərdə kimi dünya miqyasında təsdiq etdi. Ordumuz müzəffər ordu kimi bütün ölkələrdə özü haqqında yüksək fikir formalaşdırdı. İşğala məruz qalmış torpaqlarımızda 30 ildir ki, təpədən dırnağa kimi silahlanan, böyük istehkamlar yaradan vandal ölkəyə qarşı 44 günə uğurlu döyüşlər apardıq. Bizim igidlərin, ordu rəhbərliyinin, ölkə başçısının tətbiq etdiyi hərbi taktikalar, döyüş metodları və s. hərb tarixində görünməyən və təkrarı olmayan hadisələr idi. Sadəcə olaraq bu gün aşkar hiss edilir ki, bir çox qüvvələr Azərbaycanın paxıllığını çəkirlər, uğurlarımıza ləkə atmağa çalışırlar. Onlarda müzəffər ordusu ilə tarix yazan Azərbaycana qarşı böyük bir qısqanclıq yaranıb”.
Deputat təəssüf hissi ilə vurğulayıb ki, bu gün bizim uğurumuzu heçə endirməyə çalışanlar arasında Azərbaycanın əleyhinə müəyyən işlər aparan xarici qüvvələrlə yanaşı anti-milli qüvvələr də yer alırlar:
“Onlarla 30 ildir tarixi şəhər və torpaqlarımızı dağıdıb istismar edən erməni millətçiləri arasında heç bir fərq görünmür. Hətta bu gün Azərbaycanın düşmənləri belə ordumuzun, Ali Baş Komandanımızın gücünü, qalibiyyətini etiraf etmək məcburiyyətində qalıb. Lakin bunlar daşıdıqları ada, damarlarında axan azərbaycanlı qanına baxmayaraq, öz soydaşlarının qanla suvarılmış və azad edilmiş torpaqlarına şübhə ilə yanaşırlar, böhtanlar atırlar. Bu cür şəxslər həm xalq, həm də Allahımız tərəfindən lənətlənmiş insanlardılar.
Onların nə deməsindən asılı olmayaraq. Azərbaycan xalqı bu gün ölkə Prezidentinin 44 günlük qələbəmizlə başa çatan müharibədəki rolunu görür və dəyərləndirir. Torpaqlarımızın azad edilməsində müstəsna rol oynayan xilaskar, mahir diplomat, möhtəşəm sərkərdə və güclü idarəçilik, təşkilatçılıq imkanları ilə dövlətimizi daha yüksək səviyyəyə qaldıran Prezidentimiz xalqımız tərəfindən sevilir, rəğbət bəslənir və dünya miqyasında da heç şübhəsiz ki, çox yüksək qiymətləndirilir. İlham Əliyev amilinə bu gün çox ciddi qiymət verilir. O Rusiyada, ayrı-ayrı ölkələrdə keçirilmiş sorğularda 2020-ci ilin on ən yaxşı siyasətçisi kimi təsbit edilir. İndi Tofiq Yaqublu, onun arxasında duran qaragüruhçu qüvvələr uğurlarımızı qəbul edə bilmirlər. Onlar kimdir ki, qələbəmizə başqa cürə qiymət versin? Onlar heç kimdirlər!”.
Tural Tağıyev
“Azvision.az” saytı
26 Dekabr 2020 -ci il