manşet Müsahİbə və Açıqlamalar

Fəzail Ağamalı: “Zəif yerimiz daha çox lobbiçilik sahəsi üzrədir, buna xüsusi diqqət yetirilməlidir”

Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ savaşında bəzi zəif nöqtələrimiz də göründü. Bəzi sahələr üzrə müəyyən problemlərlə üzləşdik. Bunlardan biri diaspor və lobbiçilik məsələləri idi. Bir sözlə, bu sahələr üzrə fəaliyyət tam şəkildə qaneedici olmadı.
Bir sıra ölkələrdə 44 günlük savaş müddətində və ondan sonra Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul edildi ki, bu da həmin dövlətlərdə diaspora, lobbiçilik fəaliyyətimizin zəif olması səbəblərdən biri kimi göstərildi. Artıq üzümüzə gələn 2021-ci ildə bu sahələr üzrə olan boşluqların, problemlərin üzərinə getmək və onları aradan qaldırmaqla bağlı çoxsaylı tələblərə rast gəlməkdəyik. Eyni zamanda “güclü diasporumuzun olması üçün nə etməliyik” sualına da cavab axtarılır. Bu yöndə çoxlu sayda təkliflər də səslənir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı diaspor fəaliyyətimizi zəif saymır: “Etiraf etmək lazımdır ki, Diasporla İş üzrə Dövlət Komitəsində cənab Prezident tərəfindən həyata keçirilən kadr islahatları özünün müsbət nəticələrini verməkdədir. Onu biz 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişində, daha sonra isə Vətən müharibəsi günlərində açıq şəkildə gördük. Onlar yaşamış olduqları ölkələrdə böyük coşqu ilə dövlətimizin, Ali Baş Komandanın və igid silahlı qüvvələrimizin Azərbaycan xalqı ilə birlikdə yanında oldular, ciddi aksiyalar keçirdilər, ordumuza dəstək verdilər, dövlətə, Ali Baş Komandana dəstək oldular. Eyni zamanda Ermənistanın haqsız, ədalətsiz, işğalçılıq mövqeyini ifşa edən aksiyalar da bu baxımdan diqqətimizi cəlb etdi. Deyərdim ki, bu, xaricdə yaşayan soydaşlarımızın fərqli bir yanaşması idi. Onlar illər uzunu demək olar ki, dünyanın bütün ölkələrində yaşayan, geniş təşkilatlanma imkanlarına malik olan ermənilər üzərində üstünlüklərini nümayiş etdirdilər. Bu bütün tərəfləri ilə özünü ifadə etdi”.
Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi – Foto
Deputat lobbiçilik fəaliyyəti ilə bağlı deyilənlərlə razılaşır: “Lobbiçilik fəaliyyətimiz haqqında üstün fikirlər təəssüf ki, söyləmək mümkün deyil. Biz lobbiçilik fəaliyyətini xüsusi olaraq genişləndirməliyik. Biz Vətən müharibəsinin gedişində və ondan sonrakı günlərdə lobbiçiliyin nə qədər əhəmiyyət kəsb etdiyinin fərqində olduq. Fransa, Niderland, Lüksemburq, Belçika kimi ölkələrdə bizim lobbiçilik fəaliyyətimizin tamamilə zəif olduğunun və həmin ölkələrin bəzilərində yoxluğunun şahidi olduq. Lobbiçilik bir az Fransada zəif olduğunu göstərdi. Digər ölkələrdə heç bunun şahidi olmadıq. Başqa bəzi ölkələr barədə də bunu deyə bilərik. Mənə elə gəlir ki, ilk növbədə, lobbiçilik fəaliyyətini genişləndirmək, onu gücləndirmək üçün lobbiçilik haqqında qanun qəbul etməliyik. Çünki belə bir qanun yoxdur. Bunun ilk növbədə, qanunvericilik bazasını yaratmağa ciddi ehtiyac var. Digər tərəfdən, unutmaq olmaz ki, vandal, vəhşi bir düşmənlə üz-üzəyik. Xüsusi olaraq, 44 günlük zəfər müharibəsindən sonra ermənilərin bütün dünya səviyyəsində nə dərəcədə geniş şəkildə fəallıqlarının artdığının konkret faktlarla şahidi olmaqdayıq. Fransa, Niderland, Belçika və Lüksemburqda onların qanunvericilik qurumlarının qəbul etmiş olduqları qətnamələr dediklərimizə misaldır. Əgər biz bu ölkələrdə lobbiçilik fəaliyyətimizi yüksək səviyyədə qursaydıq, təbii ki, ermənilərin, erməni diasporasının və onun təsiri altında olan erməni lobbisinin təşəbbüsü ilə müzakirəyə çıxarılan, qəbul edilən həmin qanunların ortaya atılmasına belə imkan verməzdik. Müzakirəyə çıxsa belə, onun qəbulunu mümkünsüz edərdik. Bunun üçün də, dediyim kimi, ilk növbədə, onun qanunvericilik bazasını gücləndirmək lazımdır. Daha sonra bizim Diaspora Komitəmiz və xaricdə fəaliyyət göstərən səfirlərimiz bu baxımdan işlərini yenidən və ciddi şəkildə qurmalıdır. Bizim hazırda deyərdim ki, zəif yerimiz ən çox lobbiçilik sahəsi üzrədir. Buna xüsusi diqqət yetirilməlidir. Yeni təyin olunan xarici işlər naziri Ceyhun Bayramov tam əminəm ki, buna ciddi diqqət yetirib, konkret addımlar atacaq. Ayrı-ayrı ölkələrdəki səfirlərimiz xüsusi tapşırıqlar alacaqlar. Eyni şəkildə Diaspora Komitəmizə rəhbərlik edən sabiq hörmətli həmkarım, həm də hörmətli Ceyhun Bayramov işlərini çox yüksək səviyyədə quracaqlar. Bu iki dövlət qurumunun fəaliyyəti, məncə, öz nəticəsini verəcək və əvvəlki boşluqlar aradan qalxacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
31 Dekabr 2020 – ci il.