manşet Müsahİbə və Açıqlamalar

ORDUMUZUN XANKƏNDİNƏ GİRMƏMƏSİNİN SƏBƏBLƏRİ – DEPUTATLARDAN AÇIQLAMA

“ABŞ, Hollandiya, Belçika və digər ölkələr Azərbaycana qarşı ciddi hərəkətə keçəcəkdilər, BMT-ni məcbur edəcəkdilər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, kimin nə deməyindən asılı olmayaraq 44 günlük hərbi əməliyyat ondan sonrakı dekabrın 1-nə qədər siyasi, diplomatik yolla Ağdam, Kəlbəcər və Laçının azad edilməsinin memarı Prezident İlham Əliyevdir. Müharibənin başlamasından sonra dünyanın güc mərkəzlərinin diqqəti təbii olaraq Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycana və Ermənistana hədəfləndi. Bu prosesdə bu və ya digər şəkildə iştirak etmək istəyən hər bir ölkə heç də bəzilərinin düşündüyü kimi, sülh göyərçini missiyasını yerinə yetirmirdi. Burada onların özünün ciddi maraqları var idi: “Çalışırdılar ki, yaranmış situasiyadan istifadə edib öz maraqlarını reallaşdıra bilsinlər. Xüsusi olaraq bu prosesdə Rusiya, Amerika və Fransa münaqişə başlayandan bu günə qədər öz maraqlarını qorumaqdaydılar. Ona görə də işğaldakı torpaqların danışıqlar yolu ilə azad olunması reallaşmadı. Prezident İlham Əliyev dünya səviyyəli peşəkar diplomatdır, beynəlxalq hüququn ustadıdır. Həm də bu 44 günlük döyüşlər göstərdi ki, İlham Əliyev çox uğurlu, yüksək səviyyəli strateqdir. Cənab Prezident az itki ilə 44 günlük qələbəni təmin etdi. Bu qələbə dövründə bütün maraqlı olan dövlətlərin maraqlarının reallaşmasını neytrallaşdıra bildi. Əlverişli zaman seçdi. Budur reallıq. Yaranmış olan çətin anda, yəni artıq Azərbaycan Ordusu Xankəndinin 3 kilometrliyində olanda təbii ki, olduqca ölçülüb biçilmiş addım atılmalıydı ki, sonrakı dönəmdə pusquda yatıb Azərbaycanın buraxa biləcəyi ”səhvlərdən” qüvvələrin əlinə bəhanə düşməsin. Bu, son dərəcə vacib idi. Ölkə Prezidenti bilirdi ki, Xankəndinə girib oradakı erməni ordusunu məhv etdikdən sonra orada bir nəfər də olsun erməni qalmayacaqdı. Bu zaman isə ermənilər bütün dünyaya car çəkəcəkdilər ki, ermənilər ikinci dəfə soyqırıma məruz qaldılar. Bundan sonra isə başda Fransa olmaqla ermənipərəst bütün güclər, o cümlədən ABŞ, Hollandiya, Belçika və digər ölkələr Azərbaycana qarşı ciddi hərəkətə keçəcəkdilər. BMT-ni məcbur edəcəkdilər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Ayrı-ayrı ölkələr isə 907-ci düzəlişdə də sərt qətnamə qəbul edib Azərbaycanla iqtisadi, siyasi əlaqələrə son qoyacaqdılar. Prezident İlham Əliyev diplomatik məharətlə bütün məkrli planların bizə qarşı həyata keçirilməsinin üstündən xətt çəkdi. Kimsə Azərbaycan Ordusunun Xankəndinə girməməsinin əsas səbəbi kimi Qərbi, Rusiyanı önə çəkirsə, bu, doğru deyil. Əslində ölkəmizin Prezidenti pislərin içərisində ən doğrusunu-yaxşısını seçə bildi. Sadəcə olaraq, Ermənistan üzərində Rusiyanın böyük təsirini düzgün qiymətləndirərək, eyni zamanda Minsk Qrupunun içərisində parçalanma yaradaraq və Rusiyanın onlara qarşı dayanmasını təmin edərək BMT Təhlükəsizlik Şurasında Rusiyanın imkanlarından istifadə etməsini önə çəkərək məhz Rusiya ilə danışıqlar oldu. Bu, Rusiya tərəfindən edilən təşəbbüs idi. Ölkəmizin lideri çox böyük ustalıqla 10 noyabrda məlum bəyanatın qəbul edilməsinə nail ola bildi. Beləliklə, 3 rayon şəhid verilmədən azad edildi və digər məsələlər də artıq göründüyü kimi reallaşmağa başlayıb”.
“Yeni Müsavat” saytı
Etibar Seyidağa
14 Yanvar 2021-ci il