manşet Müsahİbə və Açıqlamalar

“Dostluq” neft yatağının Türkmənistanla birgə işlənməsi Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq – RƏY

“Bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fəzail Ağamalı bildirib.
F. Ağamalı deyib ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı”, bu gün imzalanan Anlaşma Memorandumu ilə “Dostluq” adlandırılan neft yatağı 1989-cu ildə aşkar edilib. O, Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinlikdəki layda kəşf olunan zəngin neft-qaz ehtiyatlarının olduğu yatağın iki ölkənin dəniz sərhədində yerləşdiyini bildirib.
Millət vəkili nəzərə çatdırıb ki, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib: “Bu çərçivədə Azərbaycanla Qazaxıstan Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş və Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında saziş imzalanmasına nail olunub. Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunub ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”.
F. Ağamalı bildirib ki, “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdıhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, bu gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var”.
Millət vəkili vurğulayıb ki, bu Memorandumun imzalanması Xəzər dənizində bütün məsələlərin dialoq və əməkdaşlıq mühitində həll oluna biləcəyini sübut edir.
“Apa.az” saytı
21 Yanvar 2021-ci il