manşet Müsahİbə və Açıqlamalar

“Bakının razılığı olmadan həmsədrlər Qarabağa gedə bilməzlər”-Fəzail Ağamalı

“Minsk Qrupunun həmsədrlərindən ABŞ və Fransanın can-fəşanlığı, hərəkətə keçəcəkləri gözlənilən idi. ABŞ və Fransa həmsədr ölkələr kimi proseslərdən kənarda qalmaq niyyətində deyillər”.

Bu barədə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaxınlarda Polşada toplaşmaq və Qarabağa səfər etmək planlarının olması barədə danışarkən bildirib.

Musavat.com-a açıqlamasında F.Ağmalı qeyd edib ki, Azərbaycan və Ermənistan bu həmsədrlik institutundan rəsmi imtina etmədiyi üçün və eyni zamanda onun səlahiyyətləri, statusu ləğv edilmədiyindən onlar hüquqi baxımdan öz səlahiyyətlərini hələ ki, özlərində daşıyırlar.

Deputat bildirib ki, digər həmsədr ölkə olan Rusiya isə yaranmış situasiyadan istifadə edərək, bölgədə öz mövqelərini gücləndirmək məqsədilə addımlarını atdı: “Artıq Rusiya münaqişə olmayan, indi münaqişə mahiyyəti daşımayan, Azərbaycanın tarixi ərazisi Qarabağda ermənilərin yaşadıqları ərazilərdə sülhməramlı missiyası adı ilə əslində, erməniləri hərtərəfli və birmənalı olaraq himayə etməkdədir. Qarabağdan Ermənistana gedənləri onların razı olub-olmamasından asılı olmayaraq, Xankəndiyə daşıyırlar. Humanitar mərkəz adı altında demək olar ki, özünün bütün vacib strukturlarını bölgəyə cəlb edib.

Görünən budur ki, Rusiya artıq həmin ərazidə öz istədiyinə nail olmaq üzrədir və getdikcə də möhkəmlənir. Rusiyanın xarici işlər naziri və digər rəsmi şəxsləri status məsələsini bu və ya digər şəkildə qoyurlar. Bununla onlar əslində bir tərəfdən ermənilərin xoşuna gəlmək, onların içərisində itirilmiş nüfuzlarını bərpa etmək məqsədi daşıyırlarsa, digər tərəfdən həm də onlar bundan Azərbaycana qarşı bir təzyiq rıçaqı kimi yararlanmağa cəhd edirlər. Fransa və ABŞ-ın da təbii ki, öz maraqları var. Nəzərə alsaq ki, həmin ölkələrdə erməni diasporu güclüdür, hakimiyyət strukturlarına təsirləri var bu amil də adı çəkilən ölkələrin Qarabağ məsələsində mövqeyinə təsir edir”.

F. Ağamalı vurğuladı ki, indiki vəziyyət 27 sentyabrdan əvvəlki vəziyyət deyil. Həmsədrlər ilk növbədə Azərbaycana gəlməlidirlər, Bakıda görüş keçirməlidirlər.

Əgər Bakının ümumi razılığı olarsa, həmsədrlər bizim ərazimiz olan Qarabağa gedə bilərlər: “Bakının razılığı olmadan həmsədrlər Qarabağa gedə bilməzlər. Başqa variant isə belə ola bilər ki, onlar Azərbaycanın rəhbərliyi ilə görüşəndən sonra birbaşa Ermənistana getsinlər. Orada da görüşlər keçirsinlər və indiyə qədər etmədiklərini bundan sonra etsinlər ki, Ermənistanda revanşist qüvvələri ayılda bilsinlər, onlara real vəziyyəti başa salsınlar və Ermənistanı reallıqla barışmağa məcbur etsinlər. Əgər həmsədrlər bunu edərlərsə, o zaman doğrudan da ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermiş olarlar. Əgər bu olmayacaqsa, həmsədrlər ən müxtəlif şəkildə Azərbaycanla yenə də təzyiq dili ilə danışıb, diplomatik oyunlarla vəziyyəti uzatmaq məqsədi güdsələr, onda təbii ki, Azərbaycan birmənalı olaraq bunu qəbul etməyəcək. Azərbaycan xalqı bu cür yanaşmanı tamamilə rədd edəcək. Hər zaman olduğu kimi, eyni zamanda, siyasi partiyalar da dövlətimizlə, cənab Prezidentimizlə bərabər olacaq və artıq məsələ çox ciddi bir mərhələyə qədəm qoyacaq”.

Partiya sədri onu da deyib ki, Minsk Qrupunun üzvü olan qardaş Türkiyə ilə Azərbaycanın mövqeləri üst-üstə düşür.

Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönələn hər hansı hiyləgər planlar və təxribatlar qardaş Türkiyənin təpkisi və Azərbaycanın dəmir yumruğu ilə dəf ediləcək, bütün məkrli planlar alt-üst olacaq: “Ona görə də baxaq, görək həmsədrlər hansı niyyətlə, hansı fikirlə gəlirlər. Nəzərə alaq ki, Minsk Qrupu həmsədrləri Azərbaycan xalqı və dövləti qarşısında etimadını itirib. Cənab Prezident İlham Əliyev bu yaxınlarda ABŞ və Fransadan olan həmsədrləri qəbul edərkən mövqeyini açıq ortaya qoyub. Bu mövqe düşünürəm ki, bu gün də qüvvədədir və həmsədrlər bütün bunları anlamalıdırlar və Ermənistanı sərsəm fikirdən çəkindirməlidirlər. Əks halda Azərbaycanın sərt mövqeyi ortada olacaq”.

Etibar Seyidağa,
Musavat.com