manşet Müsahİbə və Açıqlamalar

Fəzail Ağamalı: “Azərbaycanda rəngli inqilablar üçün zəmin yoxdur”

Fəzail Ağamalı: “Azərbaycanda rəngli inqilablar üçün zəmin yoxdur”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, “rəngli inqilab”lar hakimiyyəti kifayət qədər zəif, kövrək, dövlət başçısı cəmiyyətdə sosial bazaya, nüfuza malik olmayan ölkələrdə baş verir. Onun sözlərinə görə, bu cür dövlətlərdə istənilən çevrilişləri reallaşdırmaq mümkündür: “Qərb Şərqi Avropada, postsovet məkanında ”məxməri inqilab” edirsə, Afrikada bunu hərbçi çevrilişlərlə reallaşdırır. Azərbaycanda isə bu hadisələrə heç zaman zəmin olmayıb”.
F.Ağamalı hesab edir ki, hətta “rəngli inqilab”ların populyar olduğu dövrdə də Azərbaycanda belə zəmin olmayıb: “Ulu öndər Heydər Əliyevdən sonra hakimiyyətin güclü əldə olması, komandada vahid mövqenin mövcudluğu, Prezident İlham Əliyevin xalq içində güclü mövqeyə malik olması bu inqilabların həyata keçirilməsini sıfıra endirib.
Xatırlayıram ki, 2005-ci ildə Müsavat Partiyası Ukraynadakı “narıncı inqilabı” təkrarlamaq istədi. Hətta narıncı rəngli şarflar gətirildi və parlament seçkilərində narıncı köynəklərlə şəkil çəkdirdilər, plakatlar hazırlandı. Amma ssenari baş tutmadı. Çünki Heydər Əliyevin fundamental dövlətçilik prinsipləri xalq tərəfindən dəstəklənirdi. Ayrı-ayrı marginal qruplar isə elə bilirdilər ki, xalq onların arxasınca gedəcək. Amma prezident sarsılmaz iradəsini ortaya qoydu”.
Deputat qeyd etdi ki, 2005-ci ildə hakimiyyət daxilində də müəyyən xəyanətlər özünü göstərdi: “Amma onlar cəmiyyətdə nüfuza malik deyildilər. Eynilə ”ərəb baharı”nda da onların istəklərinin reallaşması mümkün deyildi. Həmin zaman kəsiyində Prezident İlham Əliyev xalq içində rəğbətini artırmışdı, hakimiyyətini möhkəmləndirmişdi, sosial-iqtisadi dayaqlarını gücləndirmişdi.
Bu da imkan vermədi ki, marginallaşmış, Qərbin mayası, pulu ilə qidalanan antimilli qüvvələr istəklərinə nail olsunlar”.
F.Ağamalının sözlərinə görə, indi ABŞ-ın yeni prezidenti Baydenin fərqli siyasətçi olduğunu düşünərək, onun ətrafında müxtəlif gəlişmələr edərək, reallığı əks etdirməyən düşüncələrini ortaya qoyaraq, həmin qüvvələr güman edirlər ki, Ağ evin rəhbərliyi Azərbaycanda “rəngli inqilabı” stimullaşdıra bilər. “Düşünmürəm ki, Bayden bu addımı atsın. İlham Əliyev yüksək və peşəkar siyasətçi kimi beynəlxalq səviyyədə özünü təsdiq edib. Digər tərəfdən, onun həyata keçirdiyi xarici siyasət ABŞ-ın fundamental prinsiplərinə, “dərin dövlət” xəttinə zidd deyil. Bayden kosmetik dəyişikliklər edə bilər, amma Amerikanın dövlət maraqları var və bu maraqlar da Azərbaycanla toqquşmur.
Əksinə, iki ölkə çox ciddi əməkdaşlığa və münasibətlərə malikdirlər. Bundan əlavə, cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan Avropanın enerji təminatında ciddi rol oynayıb.
Türkmənistanla bağlanmış “Dostluq” sazişi Avropanın enerji təminatı üçün geniş imkanlar açır. Ona görə də Azərbaycanın Bayden zamanında mövqeyi daha da möhkəmlənəcək, əhəmiyyəti artacaq.”
F.Ağamalının fikrincə, hətta nəzəri cəhətdən ölkədə hansısa rəngli inqilaba cəhd edilsə belə, birmənalı şəkildə baş tutan deyil:
“Azərbaycanın 44 günlük zəfər müharibəsi Prezidentin təkcə dünyada deyil, ölkədə də nüfuzunu artırıb. Xalqımızın mütləq əksəriyyəti prezidentin yanındadır. Onlar kiminlə məxməri inqilab edəcək?
Pulla alınmış 1000 nəfərlə? Bu həvəsə düşənlər bu sözlərimə diqqət etsinlər və peşman olsunlar. Əgər belə cəhd olunsa, hələ dövlət öz yerində, ilk növbədə xalq tərəfindən ciddi cəzaya məhkum ediləcəklər.
Onlar xalqın iradəsi qarşısında xalqın ayaqları altında qalacaqlar. Bu cür güclü dövləti zəiflətməyə çalışanlar xalqın maraqlarının əksinə gedən xəyanətkarlardır və millət tərəfindən əməlləri biganə qarşılanmayacaq.
Ümumiyyətlə, bu qüvvələrin önündə anti-Milli Şura, onun nüfuzu olmayan şəxsləri dayanır. Amma istəkləri heç zaman həyata keçməyəcək. Hansı liderlə məxməri inqilab edəcəklər?
Müxalifətin içində bu niyyətdə kim var? Heç kim yoxdur. Nə belə şəxs, nə də onu müdafiə edəcək sosial baza var…”
“Yeni Müsavat” saytı
Emil Salamoğlu
04 Fevral 2020-ci il