manşet Manşetüstü Müsahİbə və Açıqlamalar

Arzuman Abdulkərimov: Şuşa şəhəri qısa müddətdə bərpa olunaraq dünyanın ən gözəl məkanlarından birinə çevriləcək

“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı Şuşa şəhərinin bərpası ilə bağlı konkret tapşırıqlar verdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
Arzuman Abdulkərimov bildirib ki, ümumilikdə, xüsusi nümayəndə institutunun yaradılması və ilk olaraq Şuşa üzrə nümayəndənin təyin olunması dövlət başçısının Şuşaya nə qədər önəm verməsindən xəbər verir. Bunun həm mənəvi, həm də siyasi tərəfləri var. Belə ki, Şuşanın Azərbaycan xalqı üçün xüsusi önəmi və yeri var. Necə ki, Ali Baş Komandan müharibənin gedişində qeyd etmişdi ki, Şuşa işğaldan azad olunmazsa, bu iş yarımçıq olar. Bəli, indi Şuşa azaddır. Artıq Şuşa nəinki Azərbaycan üçün, eyni zamanda, bütün Türk dünyası üçün strateji əhəmiyyətə malikdir.
A.Abdulkərimov qeyd edib ki, artıq Şuşaya rahat gediş-gəlişin təmin olunması üçün yol çəkilişinə başlanılıb: “Eyni zamanda, Füzulidə hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Dövlət başçısı söyləyib ki, Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Düşünürəm ki, bu istiqamətdə hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Eyni zamanda, Şuşanın işğal altına düşməsinin səbəblərinə də diqqət çəkən dövlət başçısı həmin dövrdə hakimiyyət uğrunda gedən siyasi mübarizəni diqqətə çatdırıb və qeyd edib ki, hər kəs bilməlidir ki, kim Şuşanı ermənilərə təslim etdi, kim onu işğaldan azad etdi. Bütövlükdə isə hesab edirəm ki, Şuşa şəhəri qısa müddətdə bərpa olunaraq dünyanın ən gözəl məkanlarından birinə çevriləcək”.
N.BAYRAMLI