manşet Müsahİbə və Açıqlamalar

Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏR

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da könüllü şəkildə vaksinasiyadan keçənlər arasındadır:

“Mən dünyanı bürüyən fəlakətin başlandığı ilk gündən çağırışlara, məsləhətlərə və tövsiyələrə çox böyük məsuliyyətlə yanaşdım. Deyilənləri elədim. Tibbi maska, sosial məsafə və gigyenik qaydalara ciddi şəkildə əməl etdim. Şükürlər olsun, bu virusa yoluxmadım. Bütün dünyada olduğu kimi artıq Azərbaycanda da pandemiyaya qarşı peyvəndləmə başlayıb. Mən də fevralın 8-də daxil olduğum riskli yaş qrupun nümayəndəsi kimi könüllü olaraq peyvənd olunmağım üçün müraciət etdim. Elə həmin gün peyvəndi qəbul etdim, sonra həkimlərin tövsiyyəsi ilə yarım saat gözlədim. Bu yarım saatın ərzində məndə hər hansı əks təsir görünmədi. Ondan keçən zaman kəsiyində – bu günə qədər məndə peyvəndin hər hansı əks təsiri olmadı. Baş ağrısı, qızdırma, susuzluq yoxdur, iştahım da öz yerindədir. Hər şey qaydasındadır. Bir daha bildirirəm ki, SİNOVAC vaksinlərinin heç bir mənfi təsiri yoxdur. Mart ayının 6-da mən böyük məmnuniyyətlə ikinci vaksini vurduracağam”.

Deputat deyib ki, beləliklə, Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərin tövsiyyələrinə uyğun olaraq bu günə qədər olduğu kimi özünü necə qoruyubsa, bundan sonra da vaksinlə özünü qorumuş olacaq:

“Ona görə də hər kəsə səslənirəm ki, vaksinlərlə bağlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən yayılan şaiyələrə, əsası olmayan fikirlərə inanmasınlar. Könüllü şəkildə bu vaksindən istifadə etsinlər. Özlərini xəstələnməkdən sığortalasınlar. Sağlam və uzun ömür sürsünlər. Bu pandemiyaya qalib gəlsinlər. Ailələri, övladları və ən əsası xalqı ilə bərabər, həmrəy olsunlar. Ən əsası, sağlam həyat tərzi keçirsinlər”.