manşet Müsahİbə və Açıqlamalar

Deputat: “Rusiya çox təhlükəli oyunun içərisindədir”

‘’Ermənilərin hələ də minalanmış ərazilərin xəritəsini verməməsi çox ciddi beynəlxalq cinayətdir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili bildirib ki, dövlətlərarası münasibətlərin gələcəyi nəzərə alınaraq bu məsələ ilə bağlı konkret addımlar atılmalıdır: Nəzərə alsaq ki, imzalanmış sənədlərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı əsas prinsip olaraq nəzərdə tutulur. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz tarixi torpaqlarını işğaldan azad edib. Bunun məntiqi davamı olaraq, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda quruculuq və bərpa işləri aparmalıdır. Köçkün vəziyyətinə düşən insanlar öz doğma ata-baba yurdlarına qayıtmalıdır. Bunun arxasında həm humanist dəyərlər, həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqe dayanır”.
Deputat bildirib ki, təəssüf ki bu mövqeyi nə Rusiya nə Ermənistan sərgiləmir: “Ermənistan bunu etmir, çünki işğalçı dövlətdir. Ermənilər Azərbaycan ordusu tərəfindən əzilməkləri ilə barışa bilmirlər. Onlar bu gün Azərbaycan dövlətinin siyasi və diplomatik müstəvidə aparmış olduğu son dərəcə yüksək səviyyəli mübarizəsindən doğan acizliyinin içərisində çox böyük sıxıntı keçirməkdədir’’.
Millət vəkilinin sözlərinə görə, Rusiya daxil olmaqla, beynəlxalq təşkilatlar yaranmış bu ədalətsiz vəziyyətə susurlar: “Rusiya niyə bu məsələyə göz yumur? Rusiya nəyə görə bu yaxınlarda MDB ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasında bu məsələni qaldırmadı? Niyə Ermənistanı xüsusi bəyanat və yanaşma ilə buna məcbur etmirlər? Bunlar hamısı cavab axtaran ciddi suallardır. Reallıq isə ondan ibarətdir ki, Rusiya ilə bərabər beynəlxalq təşkilatlar da buna susurlar. Beynəlxalq təşkilatların ağız dolusu danışıqları beynəlxalq hüquq normaları, ədalət prinsipləri hazırda işləmir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyət nəticəsində Azərbaycanın üzv olduğu Qoşulmama hərəkatı , İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanın ədalətli mövqeyini müdafiə edirlər. Ancaq bu bəyanatların Ermənistana kifayət qədər təsir gücü yoxdur. Çünki Ermənistan bunların heç birinə üzv deyil. Ermənistana təsir edə biləcək və onun da üzv olduğu təşkilatlar susur. Müharibə zamanı “İsgəndər -M’’ raketini Ermənistana verən Rusiya susur. Nədir Rusiyanın niyyəti? Niyyəti odur ki, Azərbaycan ancaq əziyyət çəksin, daha çox insan itkisinə məruz qalsın və bundan istifadə edərək öz mövqelərini Azərbaycanda möhkəmləndirsin’’.
Fəzail Ağamalı qeyd edib ki, Rusiya son vaxtlar çox təhlükəli bir oyunun içərisindədir. O, imzalanmış olduğu bəyanatlara hörmət etmir: “Bu Rusiyanın həm beynəlxalq, həm də Azərbaycandakı imicinə zərər vurmaqdadır”.
“Editor.az” saytı
Gülnarə Abasova
08 Aprel 2021-ci il