manşet Müsahİbə və Açıqlamalar

“BİR MİLLƏT – İKİ DÖVLƏT”İN BİR ORDUSU FORMALAŞMAQDADIR”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır. Bu, artıq Türkiyə Cümhuriyyəti ilə Azərbaycan hərbçilərinin ötən ilin yayından bu yana 6-cı birgə hərbi təlimidir. Demək olar, bütün qoşun növləri üzrə birgə hərbi təlimlər keçirilir. Bu, Turan ordusu ideyasının reallaşması prosesinin tərkib hissəsi, Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçməkdə olması, Azərbaycanın qardaş ölkə tərəfindən tam müdafiə olunması, ölkəmizə qarşı təcavüzün baş verəcəyi anda, Türkiyə ordusunun bu təcavüzə açıq və prinsipial dəstək verəcəyinin nümunəsidirmi?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, qardaş Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən silahlı qüvvələrimiz arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulmaqda və inkişaf etməkdədir. Bu cür əməkdaşlıq hər birimizdə böyük qürur və sevinc doğurur. NATO kimi güclü hərbi-siyasi blokun ikinci ordusu hesab olunan qardaş Türkiyə ordusunun təcrübəsindən, onun hərbi texnoloji imkanlarından istifadə etmək və bəhrələnmək Azərbaycan silahlı qüvvələrinin dünyanın ən güclü silahlı qüvvələri səviyyəsinə çıxmasında son dərəcə önəmli rol oynayır: “Artıq iki dövlət arasında hərbi əməkdaşlıq bütün istiqamətlər üzrə gedir. Təkcə hərbi texnoloji səviyyədə Türkiyənin Azərbaycana hərtərəfli köməyi, yardımı və bu baxımdan müasir texnoloji avadanlıqların Azərbaycanda istehsalı ilə məhdudlaşmır. Bizim ənənəvi xarakter daşıyan birgə hərbi təlimlərimiz də göz önündədir. Demək olar ki, silahlı qüvvələrin bütün sahələri üzrə bu hərbi təlimlər ardıcıl, sistemli xarakter daşıyır. Əlbəttə, bu təlimlər dünyanın heyrət edə biləcəyi güclü Türkiyə ordusunun təcrübəsinin öyrənilməsi, mənimsənilməsi baxımından çox əhəmiyyətlidir. Bunun konkret nəticələrini də biz ötən il 44 günlük Vətən savaşında gördük. Mən tamamilə əminəm ki, bu əməkdaşlıq, bu təlimlərdə əldə olunan təcrübə Azərbaycan Ordusunun güclənməsində müstəsna rolunu oynayır və bundan sonra da oynayacaq”.
Fəzail Ağamalı: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur və bu sazişə uyğun olaraq…”
Deputat xatırlatdı ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur və bu sazişə uyğun olaraq istənilən halda, istənilən vəziyyətdə, istənilən anda Azərbaycan dövlətinin dəvəti ilə Türkiyənin silahlı qüvvələrinin bütün hərbi potensialı Azərbaycanın yanındadır: “Bundan sonra bu əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsi və Azərbaycan Prezidentinin ”Biz Türkiyə ordusu modeli əsasında öz silahlı qüvvələrimizi formalaşdırmalıyıq” kimi ciddi əhəmiyyətli vacib açıqlaması və bu niyyətin ortalığa qoyulması ciddi məqamlardan xəbər verir. Demək olar ki, “bir millət-iki dövlət”in bir silahlı qüvvələri formalaşmaqdadır. Bu silahlı qüvvələr gələcəkdə digər türk dövlətlərinin də silahlı qüvvələrinin birləşməsində, birgə təlimlərinin keçirilməsində və hər biri ilə qarşılıqlı sazişlərin imzalanmasında özünün növbəti rolunu oynayacaq. Bu, qaçılmazdır. Proseslərin gedişi buna doğru aparır”.
“Yeni Müsavat” saytı
Etibar Seyidağa,
06 Aprel 2021-ci il