manşet Müsahİbə və Açıqlamalar

Prezidenti hansı paytaxtlarda devirmək qərarı verilmişdi?

Fəzail Ağamalı: “Bu qüvvələr Azərbaycanda marionet hakimiyyətin yaradılmasında çox maraqlı idilər”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə Hərbi Qənimətlər Parkının açılışı bütün parametrlərinə görə müstəsna tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu parkın açılışı dünya erməniliyinə və erməni faşizminə vurduğu ölümcül zərbənin möhtəşəm təqdimatı idi. F.Ağamalı qeyd etdi ki, Prezident təqdimatda qələbəni şərtləndirən amillər üzərində dayanmaqla yanaşı, torpaqlarımızın işğalda qalmasına çalışan qüvvələrin məkrli planlarını da açıq mətnlə diqqətə çatdırdı:

“Həqiqətən dünya erməniliyi və onları himayə edən qüvvələr Azərbaycanda marionet hakimiyyətin yaradılmasında çox maraqlı idilər. Hələ 90-cı illərin əvvələrində onların bu niyyətini xalqın dəmir iradəsini ifadə edən ulu öndər Heydər Əliyev alt-üst etmişdi. 2003-cü il seçkiləri ərəfəsində isə iki güc mərkəzi – Qərb və Rusiya öz əlaltılarını hakimiyyətə gətirmək istəyirdi. Qərb İsa Qəmbəri, Rusiya isə Ramiz Mehdiyevi Azərbaycan prezidentliyində görmək istəyirdi. Bu imkanlardan hər iki güc istifadə etməyə çalışırdı. Amma xalqın dövlətçiliyə, milli dövlətçiliyin banisi Heydər Əliyevə inamı və sədaqəti bu məkrli planı həyata keçirməyə qoymadı. Bütün varlığı ilə milli dövlətçiliyə, Heydər Əliyev siyasi irsinə bağlı olan İlham Əliyev xalqın dəstəyi ilə maneələri uğurlu aşıb prezident seçildi”.

Deputat vurğuladı ki, lakin Qərb yenə planından əl çəkmək niyyətində olmayıb, ən müxtəlif vasitələrlə öz adamlarını iqtidara gətirməyə çalışıb: “Qərb 2005-ci ildə Soros layihəsi olan ”narıncı inqilab”la öz marionetkasını hakimiyyətə gətirmək cəhdi etdi. Niyyət parlament seçkisi yolu ilə hakimiyyət çevrilişi etmək idi. Bu çevrilişdə hakimiyyət içindəki satqınlar da yer almışdı. Amma xalqın iradəsi və Prezident İlham Əliyevin qətiyyəti, müdrikliyi ilə həmin məkrli plan da reallaşmadı. Nəticədə milli dövlətçilik və müstəqillik qorunub saxlandı, zəfər savaşına gedən yol təmizləndi, 2020-ci il noyabrın 8-də tarixə şanlı səhifələr yazıldı”.