manşet Müsahİbə və Açıqlamalar

Rusiyadan müsbət cavab ala bilməyən Paşinyanın yeni planı… – Şərh

Nikol Paşinyan hazırda ən müxtəlif hiylələrlə, avantüralarla müharibədən sonra Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yanında görmək istəyir. Bu məqsədlə sərhəd xətti boyu müxtəlif təxribatlara əl atılır. Dərhal da Rusiya prezidentindən və KTMK-dən kömək umulur. Amma istəkləri cavabsız qalır.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Paşinyan proseslərin məhz bu səviyyədə cərəyan edəcəyini hesablamışdı:
“Ona bəlli idi ki, sərhəd məsələsi ilə bağlı onun avantürasına Rusiya və KTMK müsbət cavab verməyəcək. Çünki ortada iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi var. Rusiya xarici işlər nazirliyi səviyyəsində Paşinyana cavab verildi. Məhz bundan sonra Paşinyan Qərbdən daha çox kömək ummağa başladı. Fransada, Belçikada Paşinyanın keçirdiyi görüşlər bunu təsdiqləyir. Paşinyanın Makronla görüşü və sərgilənən münasibətlər hər kəsə bəlli idi. Çünki Makron çox avantürist bir mövqe sərgiləyir. O, Ermənistana hərtərəfli kömək və yardım edəcəyi ilə bağlı açıqlama verib. Minsk qrupunun həmsədri kimi prosesə yenidən qayıtmaqla bağlı fikirlər bildirib. Bu yanaşmalar isə Paşinyana lazım idi. O əvvəlcədən də Qərbin layihəsi kimi manevrlər etməyə çalışıb”.
Partiya sədri bildirib ki, Paşinyanın indiki halda Qərbdən alacağı dəstək qarşıdan gələn seçkiyə hesablanıb:
“Paşinyan erməni cəmiyyətini inandırmağa çalışır ki, onların gələcəyi Qərblə bağlıdır. Faktiki olaraq Ermənistanda Qərblə Rusiya arasında pərdəarxası çox ciddi mübarizə gedir. Eyni zamanda Fransanın bu proseslərə yanaşması ABŞ mövqeyi kimi də dəyərləndirilir. Çünki Avropa İttifaqı çalışır ki, Paşinyan yenidən seçkidə qalib çıxsın. Bunu Moskvada da yaxşı bilirlər”.
Fəzail Ağamalının fikrincə, qarşıdakı seçkidə Robet Köçəryan komandası parlamentdə daha çox mandat qazanacaq:
“Bundan sonra iki qüvvə arasında ciddi mübarizənin baş verməsi qaçılmazdır”.
Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
03 İyun 2021-ci il