Gündəm manşet Müsahİbə və Açıqlamalar

Rusiya erməniləri liderinin həyasız bəyanatına Bakıdan sərt reaksiya

“Növbəti müharibə Ermənistan ərazisində olacaq…”
Rusiya Erməniləri İttifaqının (erməni diasporunun) rəhbəri Ara Abramyan çərənləyib. Sitat: “Azərbaycan indi qələbənin eyforiyasını yaşayır. Ancaq bir gün bu eyforiya onlarla pis zarafat edəcək. Biz gec-tez özümüzdə güc tapıb Qarabağda itirdiklərimizi geri qaytaracağıq. Qarabağ heç vaxt Azərbaycanın əlində qalmayacaq. Biz beynəlxalq məhkəmələrə müraciət edəcək, müharibənin nəticələrinə, müharibə cinayətlərinə, beynəlxalq hüququn bütün normalarını pozmasına görə Azərbaycanın ədalət mühakiməsi önündə durmasına nail olacağıq”.
Qeyd edək ki, 44 günlük savaşdan sonra belə radikal, revanşist, sərsəm mövqedə olan tanınmış, imkanlı ermənilər kifayət qədərdir. Öz xalqına pisliyin buynuzu-zadı olmur ki. Təhlükəlisi odur ki, onların əlində böyük paralar var. Bu paralar bədbəxt erməniləri Azərbaycanla sülh əvəzinə, növbəti hərbi avantüraya apara bilərmi? Ara Abramyan Putinə yaxın ermənilərdən sayılır. Belə avantürist bəyanatları o, nə üçün verir?
“Burda deyiblər: ”Oğru elə bağırdı ki…”. Bu faşist təfəkkürlü erməninin sözlərindən belə çıxır ki, bir ölkənin işğala son qoyub öz ərazi bütövlüyünü güc yolu təmin eləməsi” “müharibə cinayəti” imiş, “beynəlxalq hüququn bütün normalarının pozulması” imiş. Bunun əksi isə, yəni Azərbaycan ərazilərinin 30 il işğal altında saxlanması Ara Abramyana görə, məhz beynəlxalq hüquq normalarının gözlənməsi imiş.
Fəzail Ağamalı
Deputat Fəzail Ağamalı isə bildirdi ki, ermənilər Azərbaycanın zəfərini həzm edə bilmirlər, hələ də psixoz vəziyyətindən çıxmayıblar: “Ona görə də bu və buna bənzər sərsəm fikirlərini dilə gətirirlər. Lakin onlar unutmalı deyillər ki, Azərbaycanın bu gün gücünün üzərinə zaman keçdikcə güc gəlir. Ara Abramyan iş adamıdır və böyük maliyyə imkanlarına malikdir. Ancaq istənilən xalqın istənilən nümayəndəsinin maliyyə imkanlarına malik olması onun digər imkanlara və gücə malik olması anlamına gəlməli deyil. Abramyan elə duruma düşə bilər ki, bir anın içərisində illərdən bəri qazandığını tamamilə itirər. Əgər o, bu cür geniş imkanlara malik idisə, nədən 44 günlük müharibədə dövründə göstərdiyi bütün yardımlara baxmayaraq Ermənistanı məğlubiyyətdən, sarsıdıcı zərbə almaqdan xilas edə bilmədi?! Hər kəsə bəlli idi ki, Rusiyadan gizli yollarla Ermənistana silah daşınır. Bu işdə Ara Abramyan bir nömrəli rol oynayırdı. Nə oldu? Abramyan da Ermənistanla bərabər zəlil günə düşdü. İndi onun acısını yaşayır və psixoz vəziyyətdə avantürist sərsəm fikirlər dilə gətirir. Abramyan kimi revanşist, türkə nifrət bəsləyən, cibi dolu, başı boş olanlar o cür fikirlərlə həm də öz xalqını böyük fəlakətə sürükləyirlər. Abramyanın söyləmiş olduğu müharibə Ermənistanın ərazisində olacaq. Onda Ermənistan dövləti yerlə yeksan olacaq.
Bu gün Azərbaycanın Abramyanın bilmədiyi qədər böyük gücü var. Eyni zamanda beynəlxalq qanunlar, konvensiyalar da Azərbaycanın haqlı olduğunu təsdiq edir. Rusiya Ermənistana himayəsini danaydırsa, Ermənistan adında dövlət qalmayacaq. Abramyan kimi sərsəmləmə xarakteri daşıyan çıxışları bizimi daha da ayıq-sayıq etməlidir. Biz bütün sahələr üzrə daha da güclü olmalıyıq, dövlətimizin ətrafında bir yumruq kimi birləşməliyik. Ara Abramyan kimi ermənilərin sərsəmləmələri heç vaxt reallaşmayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
05 İyun 2021-ci il