Gənclər Təşkilatı

ANA VƏTƏN PARTİYASI GƏNCLƏR TƏŞKİLATININ ƏSASNAMƏSİ

Ana Vətən Partiyası Gənclər Təşkilatının 23 noyabr 2013-cü il tarixində keçirilən II konfransında qəbul olunmuşdur

  1. ÜMUMİ MÜDDƏALAR

Ana Vətən Partiyasının Gənclər Təşkilatı öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Siyasi partiyalar haqqında» qanuna və Partiyanın Nizamnamə və Proqramına müvafiq qurur.

Ana Vətən Partiyasının Gənclər Təşkilatı Ana Vətən Partiyasının üzvü olan gəncləri öz ətrafında birləşdirir.

Ana Vətən Partiyası Gənclər Təşkilatının vəzifəsi Partiya proqramlarının həyata keçirilməsində, Azərbaycanın nüfuzlu beynəlxalq sübyektə çevrilməsində, ölkəmizdə sənaye cəmiyyətinin qurulmasında, onu, dünyanın inkişaf etmiş ölkələri sirasına çıxarılmasında, soydaşlarımızın vahid bayraq altında cəmləşdirilməsində, xalqımızın birliyinin yaradılmasında gənclərin fəallığının artırılmasıdır.

  1. AVP GƏNCLƏR TƏŞKİLATININ TƏŞKİLATI QURULUŞU

II.1. AVP Gənclər Təşkilatının ali orqanı beş ildə bir dəfədən gec olmayaraq AVP Gənclər Təşkilatının İdarə Heyəti tərəfindən çağrılan konfransıdır.

Konfransa nümayəndəlik normasını, seçilmə qaydalarını və konfransın gündəliyini İdarə Heyəti müəyyən edir. Konfransa seçilmiş nümayəndələrin üçdə ikisi iştirak etdikdə konfrans səlahiyyətlidir.

II.2. Konfrans:

  • AVP Gənclər Təşkilatının Əsasnaməsini qəbul edir, ona əlavələr və dəyişikliklər edir;
  • AVP Gənclər Təşkilatı sədrinin hesabatını dinləyir;
  • AVP Sədrinin təqdimatı ilə Gənclər Təşkilatının sədrini seçir;
  • İdarə Heyəti üzvlərini seçir;
  • Partiyanın Proqram və Nizamnaməsindən irəli gələn digər məsələləri həll

edir.

II.3. Konfransda qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

II.4. AVP sədrinin tələbi ilə fövqəladə konfrans çağrıla bilər.

II.5. Konfranslar arası dövrdə Gənclər Təşkilatının fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir və Partiya qərarlarının həyata keçirilməsini təmin edir.

II.6. AVP Gənclər Təşkilatının İdarə Heyəti:

  • AVP Gənclər Təşkilatı sədrinin təqdimatı ilə müavinləri təsdiq və azad edir;
  • ehtiyac yarandığı təqdirdə tərkibinə yeni üzvlər qəbul edir, fəaliyyət göstərməyən İdarə Heyəti üzvlərinin səlahiyyətinə xitam verir;

– partiya qərarlarının həyata keçirilməsini təmiıi edir;

  • konfrans, müşavirə, simpoziumlar keçirilməsini təşkil edir;
  • daimi komissiyaları və işçi orqanları təşkil edir, onların hesabatını dinləyir;

– rayon (şəhər) Təşkilatları Gənclər Təşkilatlarının fəaliyyətini əlaqələndirir;

  • üç ayda bir dəfədən gec olmayaraq öz iclaslarını çağırır.

II.7. AVP Gənclər Təşkilatının sədri:

  • Gənclər Təşkilatının fəaliyyətinə rəhbərlik edir;
  • İH-nin fəaliyyətinə rəhbərlik edir;
  • daxil olmuş müvafiq ərizə, arayış, şikayət və digər sənədlərə baxır və onların icrasını təmin edir;
  • Gənclər Təşkilatını təmsil edir;

II.8. Rayon (şəhər) Təşkilatı Gənclər Təşkilatının sədri:

  • Rayon (şəhər) Gənclər Təşkilatının konfransında seçilir;
  • Rayon (şəhər) Gənclər Təşkilatının üzvü olan gənclərin fəaliyyətini əlaqələndirir;
  • Rayon (şəhər) ərazisində keçirilən tədbirlərdə səlahiyyət verildiyi təqdirdə partiyanı təmsil edir.

III. XÜSUSİ MÜDDƏALAR

III.1. Gənclər Təşkilatının sədri öz səlahiyyətini bu və ya digər səbəbdən icra edə bilmədikdə Ana Vətən Partiyası sədrinin təqdimatı ilə Mərkəzi Şura Gənclər Təşkilatının növbəti konfransına kimi yeni sədr təyin edir.

III.2. İdarə Heyəti tərəfindən konfransın çağnlması mümkün olmadıqda konfrans Ana Vətən Partiyasının Mərkəzi Şurası tərəfindən çağrılır.