Gündəm manşet Müsahİbə və Açıqlamalar Xeber lenti Xəbərlər

Fəzail Ağamalı: “Azərbaycanda müxtəlif sahələrdə vəzifəlilər var ki, onlar Moskvanın adamlarıdır və onları da vaxtilə ölkəmizdə yüksək vəzifədə olan bir şəxs yerləşdirib”

İyul ayının 12-də Ermənistanın təxribatı nəticəsində baş verən Tovuz döyüşləri ərəfəsində Rusiyanın işğalçı ölkəyə külli miqdarda silah göndərdiyi məlum oldu. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı məsələyə toxunub, Rusiya liderinə etirazını bildirib. Ölkə ictimaiyyətində Rusiyanın Ermənistana silah ötürməsi məsələsi müzakirə edilərkən, bildirilir ki, rəsmi Kreml hər zaman işğalçının tərəfində olub, ara gizlin, ara aşkar olaraq, düşmənə silah göndərib. Bu səbəbdən də, Tovuz döyüşləri zamanı Ermənistana silah göndərməsi təəccüblü deyil.
Əsas qıcıq yaradan məsələ ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarında ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Ona görə də, Kremlin münaqişə tərəflərindən birinə nəinki silah hədiyyə etməsi, silah satması da danışıqlara zərbədir, prinsiplərə ziddir. Azərbaycanda Moskvaya qarşı etiraz da məhz bununla bağlıdır.
Bu yerdə onu da qeyd edək ki, etirazımızda da müəyyən problemlər var. Bu fakta bir çox tanınmış ictimai şəxslər, millət vəkilləri susqun yanaşırlar. Cəmiyyətdə qıcıq doğuran hallardan biri də, məhz budur. Əsasən “Facebook” sosial şəbəkəsinin istifadəçiləri Rusiyanın əməllərinə etiraz etməyənləri ruspərəst, Rusiyanın “adamı” adlandırırlar.
Son proseslərlə bağlı AYNA Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının fikirlərini öyrənib. Millət vəkili geniş müsahibəsində bir çox məqamlara toxunub. Ağamalı deyir ki, əsası mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır:
– Münasibətlər həm də strateji xarakter daşıyır. Bu gün Azərbaycanla Rusiya arasındakı münasibətlərin ruhuna və mahiyyətinə zidd olan davranışlar Rusiyanı nüfuzdan salmaqdadır. Azərbaycanla Rusiya arasında dövlət başçıları səviyyəsində yüksək münasibətləri görmüşük. Şübhəsiz ki, bu münasibətlərə söykənən əlaqələr Boris Yeltsin dövründən fərqlidir. Mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri olub. Azərbaycan, hətta, beynəlxalq səviyyədə çox riskli addımlar ataraq bir çox hallarda Rusiyanın dövlət maraqlarına zidd məsələlərə getməyib. Əksinə, rəsmi Bakı bir çox hallarda beynəlxalq təşkilatlarda Rusiyanın yanında olub, onu müdafiə edib. Bununla bağlı çoxsaylı faktlar var. Rusiya bu gün ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir. Bununla Kreml üzərinə ciddi missiya götürüb. O missiya da mahiyyətcə Qarabağın işğalına sülh yolu ilə son qoyulmasından ibarətdir. Ona görə də Rusiya neytral mövqe sərgiləməlidir. Azərbaycan-Rusiya münasibətləri, bu dövlətin həmsədr olması, onun Ermənistana təmənnasız olaraq ən müasir silahları verməsi heç bir halda qəbul edilə və başa düşülə bilməz.
– Amma qəbul edilməz olan addımları Rusiya atır…
– Rusiya edir və bu hal Azərbaycanda haqlı olaraq çox ciddi narazılıq və etirazlarla qarşılanır. Bizə məlumdur ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən Qorbaçovdan başlamış Yeltsin dövrünədək, Rusiyanın canlı qüvvəsi və hərbi texnikası hesabına işğal olunub. Ermənistanın bizdən torpaq almaq üçün indi olduğu kimi heç o zaman da potensialı yox idi. Qarabağ Rusiya tərəfindən işğal edilərək Ermənistana verilib. Başqa bir tərəfdən, Rusiya Ermənistanda ciddi dayaqlara və nüfuza malikdir. Bu gün Rusiya Ermənistanda istədiyi addımı qeyd-şərtsiz ata bilir. 30 ildir ki, biz Rusiyanın Ermənistanda söz sahibi olmasının şahidiyik. Bu günədək işğala son qoyulmasına da Rusiya maneə yaradıb. Rəsmi Moskva birmənalı şəkildə Ermənistanın tərəfini tutmaqla, ona silah-sursat verməklə, sülh danışıqlarının müsbətə doğru irəliləməsi ümidlərinin yarandığı dövrdə İrəvana tapşırıq və göstəriş verməklə, danışıqların pozulmasına nail olub. Bunlar tarixi faktlardır, inkar edilməsi mümkün deyil. Rusiya hər zaman olduğu kimi, bu gün də Ermənistanın yanındadır. 2016-cı ilin Aprel döyüşlərində də Rusiya imkan vermədi ki, Azərbaycan Ordusu hücumlarını davam etdirsin, bu ilin iyulunda Tovuz döyüşlərində də Kreml İrəvanın yanında oldu. Faktlarla sübut olunub ki, iyul ayının 17-dən başlayaraq Ermənistan Rusiya tərəfindən ciddi şəkildə silahla təchiz edilməkdədir. Bu silahlanma Ermənistanın güclənməsinə, gözlənilən döyüşlərdə düşmənə müəyyən üstünlük yaratmaq üçün hesablanıb. Rusiya faktiki olaraq ikiüzlü siyasət yeritməkdədir. Bir tərəfdən, həmsədr olaraq guya ki, sülhdə maraqlıdır. Digər tərəfdən, Azərbaycanla strateji tərəfdaş olduğunu bəyan edir, əməldə isə işğalçıya dəstək verir. Bununla da Rusiya Azərbaycan ərazilərinin işğalda qalmasında vacib rol oynayır.
– Azərbaycan-Rusiya münasibətləri yüksəkdirsə, mehriban qonşuluq, strateji tərəfdaşlıq varsa, o zaman Kreml niyə bu cür yol tutub?
– Rusiyanın bu münasibəti 1987-ci ildən başlayıb, bu günədək də davam edir. Kremlin bu cür siyasəti Qorbaçov və Yeltsin dövründə daha kobud, daha açıq şəkildə həyata keçirilirdi. Putin dövründə bu siyasət qabarıq yox, nisbətən gizli, amma davamlı və sistemli şəkildə yerinə yetirilir. Əlbəttə ki, bütün bunlar Rusiyanın əslində imperiya maraqlarından doğur. Rəsmi Moskva Cənubi Qafqazda hökmranlığını itirmək istəmir. Ermənistan vasitəsilə Azərbaycanda, Abxaziya və Osetiya vasitəsi ilə isə Gürcüstanda öz mövqelərini gücləndirməyə çalışır. Moskva Azərbaycanın müstəqil siyasətini heç cür həzm edə bilmir. Hesab edirəm ki, Rusiyanın addımlarının səbəbi budur.
– Bundan sonra münasibətlər necə davam edəcək?
– Təbii ki, Azərbaycanın imkanları kifayət qədər güclüdür. Biz Rusiya ilə münasibətlərimizə konkretlik gətirməliyik. Mən cənab Prezidentin addımlarını alqışlayıram, dəstəkləyirəm ki, o, bu proseslərdə Ermənistanın yanında olan həm Serbiya, həm İordaniya, həm də Rusiya ilə münasibətlərin aydınlaşması üçün cəsarətli addım atdı. İlham Əliyev Azərbaycanın dövlət maraqlarından çıxış edərək, bütün xoşagəlməz vəziyyətin aradan qaldırılması istiqamətində həm diplomatik, həm də şəxsi nüfuzu sayəsində addımlar atır. Prezidentin hədəfi gözlənilən döyüşlərdə Ermənistanın ayrı-ayrı dövlətlərdən silah almasını önləmək, düşməni müasir silah almaqdan məhrum etməkdir. Əminəm ki, hər zaman olduğu kimi, bu dəfə də cənab Prezident İlham Əliyev hədəfinə çatacaq.
Putin Əliyevə çox mühüm təklif edib”
– İlham Əliyev rusiyalı həmkarına Ermənistana silah satışı ilə bağlı etirazını bildirdi. Amma ictimaiyyət nümayəndələri, hakimiyyətin daxilindəki müəyyən şəxslər, bir çox deputatlar Rusiyaya etiraz etmirlər. Sanki, bir susqunluq yaşanır. Bu, Moskvadan qorxmaqdır, yoxsa başqa səbəblər var?
– Ola bilsin ki, müəyyən dərəcədə ehtiyyat edənlər var. Bu halı istisna etmirəm. Amma istər iqtidar daxilində, istərsə də müxalifətdə olsun, Rusiyanın atdığı addımlara yumşaq münasibət bəsləyən, ona bu və ya digər şəkildə haqq qazandıran, hədsiz ehtiyyatlılıqla davrananlar, əslində Rusiyanın yanında olanlardır. Bunun başqa məntiqi açıqlaması yoxdur. Ortada ölkə Prezidentinin iradəsi var. Xalqımızın da mütləq əksəriyyətinin iradəsi Prezidentin yanındadır. Mənə elə gəlir ki, Prezident İlham Əliyevə xalqın dəstəyi, məsələlərə münasibətin birgə ifadə olunması cəmiyyətdə həlledici rola malikdir. Kimlərsə sosial şəbəkələrdə, mətbuatda Rusiyanın yanında olmaq kimi sərsəm fikirlərini söyləyirlərsə, demək ki, onlar Rusiyanın Azərbaycandakı emmissarlarıdır. Bunu mən heç zaman istisna etmirəm. Təəssüf edirəm ki, bu gün Azərbaycanda müxtəlif sahələrdə vəzifəlilər var ki, onlar Moskvanın adamlarıdır. Onları da vaxtilə ölkəmizdə yüksək vəzifədə olan şəxs yerləşdirib. Həmin şəxslər də təbii olaraq, tapşırılan missiyaya uyğun fəaliyyət göstərirlər, danışırlar.
– Konkret olaraq kimləri nəzərdə tutursuz?
– Ad nəyə lazımdır, cəmiyyət onsuz da görür. Amma düşünürəm ki, onların real imkanları çox zəifdir. Yəni, hansısa çirkin istəklərinə nail ola bilməzlər, bilməyəcəklər.
– Bir neçə dəfə “gözlənilən döyüşlər” ifadəsi səsləndirdiniz. Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatlarına yaxınlarda başlaya bilərmi? Məsələ burasındadır ki, Azərbaycan-Türkiyə genişmiqyaslı hərbi təlimləri fonunda ictimaiyyətdə belə qənaət formalaşıb ki, payızda Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlar başlayacaq…
– Bu gün ATƏT-in Minsk Qrupu missiyasını yerinə yetirə bilmir, tamamilə nüfuzdan düşüb. Bu fakt ölkə başçımız tərəfindən də bildirilib. Azərbaycan xalqı da Minsk Qrupuna qarşı ironiya və nifrət şəklində münasibət sərgiləyir. Həmsədrlər uzun illərdir ki, Ermənistana dəstək verirlər, İrəvanın işğalçılıq siyasətini fəaliyyətləri ilə stimullaşdırmaqdadırlar. Çox yaxşı olardı ki, Qarabağ münaqişəsi sülh danışıqları yolu ilə həll olunsun. Müharibə olarsa, bizim də itkilərimiz olacaq, şəhid verəcəyik. Bunu da nəzərə almaq lazımdır. Hesab edirəm, yaxşı olardı ki, Minsk Qrupundan imtina olunsun, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında danışıqlar aparılsın. Yəni ki, “2+2” formatında münaqişənin həlli istiqamətində danışıqlar aparılsın. Bu gün Türkiyə Azərbaycana dəstəkdir, rəsmi Ankara Bakının yanındadır. Rusiya da Ermənistanda istədiyini edə bilir. Bu gün dünyanın xəritəsinin yenidən cəkilməsi, dünyada gedən proseslər fonunda Türkiyə öndədir, güclüdür, gücünü də nümayiş etdirir. Rusiya isə ABŞ və Qərb tərəfindən küncə sıxışdırılmış vəziyyətdədir. Bu səbəbdən də ola bilsin ki, Rusiya Türkiyə ilə yaxınlaşmaqda maraqlıdır. Yaddan çıxarmaq olmaz ki, Türkiyənin Rusiyada böyük nüfuzu var. Rusiya ərazilərində çoxsaylı türk soyuna mənsub insanlar var. Eyni zamanda, İslam dininə sitayiş edən müsəlman din qardaşlarımız var. Birmənalı olaraq demək olar ki, onların hamısının Türkiyəyə qarşı “isti” münasibəti var. Bu amil də Rusiyanı Türkiyəyə qarşı aqressiv münasibətdən çəkindirir. Bütün bunları birləşdirdikdə, “2+2” danışıqlar formatının yaradılması realdır. Belə olarsa, çox tezliklə işğalda olan torpaqlarımız sülh yolu ilə qayıda bilər.
– Bu varianta ümidlisiniz?
– Yox, bu varianta ümidim çox azdır. 30 faiz inanıram ki, mümkün ola bilər. Ən çox ümid etdiyim variant Azərbaycan Ordusunun hərbi əməliyyatlarla torpaqlarımızı azad etməsidir. Qəhrəman Azərbaycan zabit və əsgərləri öz şücaətləri ilə, qəhrəmanlıqları ilə, peşəkarlıqları ilə torpaqlarımızı azad edə bilərlər. Buna daha çox inanıram. Məsələ ondadır ki, Ermənistan indiyə qədər aldıqlarını bu və ya digər şəkildə geri verməyib. İşğalçı ölkə sülh danışıqlarında belə, həmişə çalışıb ki, proses pozulsun, üstünlük əllərində qalsın. Dünyanın bir çox güc mərkəzləri də Ermənistanın yanında olublar. Ona görə də, bütün ümidlər Azərbaycan Ordusunun üzərinə yönəlir. Bizim gücümüz, potensialımız var ki, işğal olunmuş ərazilərimizi qısa zamanda azad edək. Nəinki öz torpaqlarımızı azad etmək, hətta Ermənistanın içərilərinə doğru da irəliləyə bilərik. Bu, gəlişi gözəl söz deyil. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu içərisindədir. Digər tərəfdən, Azərbaycanın həm insan, həm də güclü iqtisadi potensialı var. Yaddan çıxarmaq olmaz ki, müharibədə qələbəni təmin edən həm hərbi səviyyə, müasir silah, həm zabit və əsgər kadrlarının psixoloji hazırlığı, vətənpərvərliyi, həm də ölkənin iqtisadi gücüdür. Bu gün Azərbaycanın 60 milyarda yaxın maliyyə ehtiyyatı var. Birmənalı demək olar ki, lazım olan amillərin hamısı bizdə var. Müharibədə əsas məsələlərdən biri də xalqla dövlətin birliyinin gücüdür ki, bu da Azərbaycanda yetərincədir. Yəni, bütün mənalarda Azərbaycanın Ermənistan üzərində qələbəsi mütləqdir.
– Və Türkiyənin timsalında tərəfdaş ölkə var…
– Ən mühüm məqamlardan biri də məhz odur. Biz Tovuz döyüşlərində Türkiyənin açıq şəkildə Azərbaycanın yanında olduğunu gördük. Bu, son 30 il ərzində bir ilk idi. Türkiyə rəsmilərinin hamısı bizim yanımızda olduqlarını söylədilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan kifayət qədər açıq tekstlə Ermənistana və onun müttəfiqlərinə ciddi mesajlar verdi. Hazırkı əlverişli şəraitdə Azərbaycan öz torpaqlarını azad etmək üçün antiterror əməliyyatlarına başlayarsa və Rusiya məsələyə müdaxilə edərsə, digər yandan Türkiyə prosesə qarışacaq. Mən buna şübhə etmirəm. Bütün parametrlərlə baxsaq, ortada faktlar var. Tovuz döyüşlərindən sonra 11 min nəfərdən artıq Türkiyə əsgər və zabiti Azərbaycanın müxtəlif yerlərində ordumuzun əsgər və zabitləri ilə birgə təlimlər keçdi. Bu, sıradan bir hadisə deyil. İstisna etmirəm ki, dost ölkə olan Pakistan da bütün hərbi imkanlarını Azərbaycandan əsirgəməz. Təbii ki, əgər Rusiya Ermənistanın yanında olub, hərbi əməliyyatlara müdaxilə edərsə…
Ona görə də, hesab edirəm ki, hər şey bizim lehimizədir. Ümidliyəm ki, yaxın zamanlarda Azərbaycan öz hərbi imkanlarına arxalanaraq işğal olunmuş torpaqlarımızı azad etmək üçün antiterror əməliyyatlarına başlayacaq. Ola bilsin ki, Rusiya da Azərbaycanın bu niyyətini proqnozlaşdırır, bu səbəbdən də Ermənistana külli miqdarda silah göndərir. Bütün hallarda isə Türkiyə yanımızdadır. Qardaş ölkə ilə hərbi əməkdaşlığın bundan sonra hansı səviyyəyə yüksəldiyini görəcəyik. Nə qədər ki, Ərdoğan Türkiyədə hakimiyyətdədir, qardaş ölkənin imkanlarından indi bəhrələnməliyik. Mən bilmirəm, Ərdoğandan sonra Türkiyədə hakimiyyətə kim gələcək. Biz vaxtilə Turqut Özalın da, Süleyman Dəmirəlin də, Məsut Yılmazın da, Tansu Çillərin də Azərbaycana qarşı mövqeyini görmüşük. Onlar real olaraq Azərbaycanın yanında olmadılar. Könlümüz qırılmasın deyə sözlə elə-belə bəyanatlar verirdilər. Amma Ərdoğan bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bildirir. Və yaddan çıxarmayaq ki, Türkiyə bu gün Suriyada, İraqda, Liviyada ən ciddi əməliyyatları aparır. Bu əməliyyatlarda da Türkiyə əsgəri Türk dünyasına ancaq və ancaq qələbə sevinci yaşadıb. Bu baxımdan hesab edirəm ki, proseslərin gedişi bizim lehimizədir. Əminəm ki, cənab Prezident prosesləri təhlil edərək, zamanında addım atacaq.
– Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı, dost ölkələri var. Amma Azərbaycan daxilində müəyyən qüvvələr də var. İctimaiyyətdə kifayət qədər inandırıcı iddialar var ki, vəzifələrdə olan bəzi xəyanətkarlar var ki, onlarla müharibəyə getmək mümkün deyil. Razısınızmı bu fikirlərlə?
– Mən bildim, siz nəyi nəzərdə tutursunuz. Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı müəyyən fikirlər var. Amma mən tam səmimi deyirəm ki, o söhbətlər düşünülmüş şəkildə törədilən təxribatdır. Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyini gözdən salmaq kampaniyası aparılır ki, yayılan şayiələr də bu kampaniyanın tərkib hissəsidir. Bir müddət öncə Müdafiə naziri Zakir Həsənov haqqında mənfi fikirlər söylənilirdi. O zaman da fikirlərimdə qəti oldum. Milli Məclisdə deputat həmkarlarımdan biri Müdafiə Nazirliyinin rəhbərliyi haqqında subyektiv fikirlərini söyləyəndə, mən çox ciddi şəkildə cavabını verdim. Bir müddət idi ki, kampaniya səngimişdi. İndi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov barəsində mənfi, həqiqətə uyğun olmayan fikirlər dolaşır. Nəcməddin Sadıkovun haqqında deyilənlərin çoxu bəlli oldu ki, yalandır. Deyirdilər ki, qardaşı Ermənistanda Rusiyanın hərbi bazasında xidmət edir. Məlum oldu ki, bir qardaşı olub, o da rəhmətə gedib. Müdafiə Nazirliyi Baş Qərargah rəisi barədə rəsmi açıqlama verdi, deyilənləri şər-böhtan adlandırdı. Digər tərəfdən, hamımızdan daha geniş informasiyaya malik cənab Prezident İlham Əliyev Tovuz döyüşlərindən sonrakı çıxışında bildirdi ki, Müdafiə naziri də Baş Qərargah rəisi də operativ işləyiblər. Bununla ölkə başçısı Müdafiə Nazirliyinin rəhbərliyi haqqında mövqeyini ortaya qoydu. Ola bilsin ki, Azərbaycan Silahlı Qüvvələrinin içərisində hansısa səviyyədə xaricə işləyən agentura var. Mən bunu istisna etmirəm. Xarici dövlətlər həmişə çalışıb ki, başqa dövlətdə agenturaları olsun. Xüsusən də ordu içərisində agentlər yerləşdirirlər ki, məlumatlar alsınlar. Azərbaycan Silahlı Qüvvələri daxilində də agentlərin olması mümkündür. Amma düşünmürəm ki, həmin agent şəbəkəsi hansısa ciddi rol oynaya bilsin. Sadəcə bu gün Azərbaycan Ordusu və onun rəhbərliyini gözdən salma kampaniyası aparan xarici xüsusi xidmət orqanlarına çalışan insanlar var. Bu qaralama kampaniyası da onun tərkib hissəsidir.
– Rusiyanın Ermənistana silah satması faktı ilə bağlı sosial şəbəkələrdə maraqlı təkliflər səsləndirilir. Təkliflərdən biri də ondan ibarətdir ki, Rusiya dövləti tərəfindən orden və medal, mütəlif mükafatlar alan vəzifəlilər, deputatlar bu təltiflərdən imtina etsinlər. Yəni ki, bu vasitə ilə Rusiyaya etirazlarını bildirsinlər. Necə düşünürsüz, vəzifəlilər, Rusiyanın ordenlərini alan sizin bəzi deputat həmkarlarınız bundan imtina edə bilərlərmi?
– Hesab edirəm ki, bu, kifayət qədər mübahisəli məsələdir. Hər halda rus xalqı ilə Azərbaycan xalqı arasında yüksək dostluq münasibətlərinə xidmət etmiş insanlar varsa, mükafatlardan imtina etmək nə dərəcədə doğru olar?! Dövlətlər başqa, xalqlar arasında dostluqlar başqadır. Rusiyada hakimiyyətdə olan şəxslərin Azərbaycana qarşı fərqli münasibətləri ola bilər. Amma Rusiya rəhbərliyinin münasibətini rus xalqının münasibətilə qətiyyən qarışdırmaq olmaz. Düşünürəm ki, belə məsələlərə diqqətli yanaşmaq lazımdır. İndi hər kəs sosial şəbəkədə fikirlərini bildirir, bu, yaxşıdır. Söz, mətbuat azadlığı var, hər kəs dediyində sərbəstdir. Təbii ki, dövlətimizin, xalqımızın milli maraqlarına xələl gətirməyən fikirlər normaldır. Mən deputat olaraq Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüyəm. İndi özüm üçün müşahidələrimi davam etdirirəm, təhlillərimi aparıram. Əgər Rusiyanın Azərbaycana qarşı belə münasibəti davam edərsə, Moskva tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinə bundan sonra da maneə törədən addımlar atılarsa, o zaman şübhəsiz ki, dostluq qrupunun üzvlüyündən çıxacam. O dostluq qrupunun içərisində yer almayacam.
“Ayna.az” saytı
Anar Bayramoğlu
21 Avqust 2020-ci