Gündəm manşet Müsahİbə və Açıqlamalar Xeber lenti Xəbərlər

“Rusiya amilindən çəkinən qardaş türk dövlətləri hələlik bu məsələdə ehtiyatlı davranırlar”

Azərbaycanla Türkiyə arasında münasibətlərin sürətlə inkişafı hərbi-siyasi müttəfiqlik səviyyəsində rəsmiləşə bilər. Bu məsələ son vaxtlar ən çox müzakirə olunan məsələlərdəndir. Belə bir müttəfiqliyə digər türk dövlətlərinin necə yanaşması, onların da bu ittifaqa daxil olmasının mümkün olub-olmaması məsələsi də müzakirə mövzusudur.
Bu barədə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, qardaş Türkiyə ilə Azərbaycan arasında ciddi xarakter daşıyan və bugünkü səviyyəyə qalxan əməkdaşlıq və strateji müttəfiqlik tarixini Azərbaycan və türk xalqlarının genetik kodlarından götürür: “Müstəqillik uğrunda mübarizə dövründə aparmış olduğumuz istiqlal savaşında türk xalqı və onun dəyərli ziyalıları, Alparslan Türkeş kimi nəhəng siyasətçiləri Azərbaycanın yanında oldu. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqlarımız arasında ciddi əsaslara söykənən qardaşlıq münasibətləri dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bugünkü münasibətlər bütün türk dövlətləri üçün də bir nümunə və müsbət prosesdir. Ulu öndərimizin səpmiş olduğu toxumlar tədricən cücərməyə başladı və onun daha əmniyyətli bəhrəsinin verilməsi üçün 2003-cü ildən prezident seçilən cənab İlham Əliyev aktiv və düşünülmüş şəkildə, sistemli olaraq həm Türkiyə ilə münasibətlərimizin yüksək səviyyədə inkişafına ciddi töhfələr verdi, həm də Türk Dövlətləri Şurasının yaranması, möhkəmlənməsində əhəmiyyətli addımlar atıldı. Bu gün çox böyük cəsarətlə, həm də məsuliyyətlə qeyd etmək olar ki, hazırkı zaman kəsiyində Türkiyə ilə daha fərqli, daha üstün münasibətlərimizin formalaşmasında və eyni zamanda türk dövlətləri arasında isti əlaqələrin yaranmasında cənab Prezidentimizin olduqca müstəsna xidmətləri var. Baxın, ən çətin tarixi anlarda ölkə prezidentimiz Türkiyə ilə bərabər olub. Türkiyə də eyni şəkildə, xüsusi olaraq prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Azərbaycanın yanında olub, onunla bərabər nəfəs alıb, onun problemlərinin aradan qaldırılmasında birmənalı fikrini ifadə edib. İndi hazırkı mərhələdə Türkiyə ilə Azərbaycan arasında münasibətlər tamam üstün bir müstəviyə keçib. Bəlli olduğu kimi, bizim çoxsaylı imzalanmış və həyata keçirilən sazişlərimiz var, eyni zamanda Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə ciddi rol oynayır.
Hətta 2016-cı ildə ”FETÖ”çülərin Türkiyədə hərbi darbəsinin yatırılmasında prezidentimizin son dərəcə oynamış olduğu ciddi rol, həssas münasibət, Türkiyəyə səfər edib Rəcəb Tayyib Ərdoğanla görüşməsi, dəstəyini verməsi Azərbaycanın qardaş ölkəyə dəstəyinin açıq nümayişi idi. Biz çoxsaylı nümunələr gətirə bilərik. Ən müxtəlif platformalarda Türkiyə-Azərbaycan münasibətlərinin yüksək inkişafını göstərən saysız-hesabsız nümunələr, faktlar var. Son Tovuz istiqamətində gedən döyüşlərdə Türkiyə dövləti müstəqillik qazandığımız dövrdən bu günə qədər ilk dəfə olaraq həm müdafiə naziri, həm xarici işlər naziri, həm də prezident səviyyəsində Azərbaycanı açıq mətnlə birmənalı olaraq müdafiə etdiyini və onun yanında olduğunu bütün dünyaya çatdırdı. Bu, son dərəcə ciddi bir mövqe idi. Ondan dərhal sonra Azərbaycan ordusu ilə Türkiyə ordusunun keçirmiş olduğu təlimlər, hələ də Naxçıvanda bu təlimlərin davam etməsi sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri tamam yeni bir səviyyədə inkişaf etməkdədir. İndi hər birimiz bütün sahələrdə olduğu kimi hərbi sahədə də bu əməkdaşlığın müttəfiqlik səviyyəsinə qalxmasının zəruriliyini ortaya qoyuruq. Düşünürəm ki, bu, sosial sifarişdir”.
Deputatın sözlərinə görə, biz Türkiyə hərbi müttəfiqlik müqaviləsini imzalamaqla həm də türk ordusuna, Türkiyə dövlətinə imkan verə bilərik ki, öz ordusunu burada yerləşdirə bilsin. Yaradılmış olan hərbi baza həm azərbaycanlıların, həm də türk qardaşlarımızın birgə xidmət etdiyi, qarşılarına eyni məqsədi qoyduğu bir baza kimi fəaliyyət göstərib Azərbaycanın mövqeyini xeyli dərəcədə gücləndirə və Türkiyənin də Qafqazda üstünlüyünü təmin edə bilər: “Təsadüfi deyil ki, artıq bundan ciddi narahatlıq keçirən Rusiya ən müxtəlif yollarla bunun qarşısını almağa çalışır. Mən güman edirəm ki, prezidentlərin iradəsi bütün bu maneələrin qarşısını alacaq. Əgər belə olarsa, onda heç şübhəsiz ki, digər türk dövlətlərinin, yəni Orta Asiyada yaşayan qardaş türk dövlətlərinin də həm milli maraqlarına, həm dövlət maraqlarına tamamilə uyğun gələn, onların da gələcəkdə türk dövlətlərinin ciddi hərbi, siyasi ittifaqını yaratmaq baxımından mənafelərinə uyğundur. Bu gün Orta Asiya türk dövlətləri bu məsələlərə ehtiyatla yanaşırlar. Əlbəttə, ortada Rusiya amili var. Rusiya amilindən çəkinən Orta Asiyadakı qardaş türk dövlətləri hələlik bu məsələdə ehtiyatlı davranırlar. Buna görə onları müəyyən dərəcədə başa düşmək olar. Ancaq mən əminəm ki, proseslərin gedişi gələcəkdə onların da bu ittifaqa qoşulmasına gətirəcək. Dəfələrlə mətbuatda ən müxtəlif platformalarda dilə gətirilib ki, biz vahid türk dili, vahid əlifba, vahid məkan, vahid valyuta məsələsini həll edək. Azərbaycan və Türkiyənin timsalında bütün bunlara doğru addımlar atılmaqdadır. Biz ümidvarıq ki, yaxın gələcəkdə arzuladığımız həmin ittifaqın şahidi olacağıq. Bu olsa, böyük iqtisadi-siyasi birlik yarana bilər və hətta bu birlik böyük güclərin qarşısında ciddi bir güc kimi çıxış edə bilər”.
10 Sentyabr 2020-ci il