manşet Müsahİbə və Açıqlamalar Xeber lenti Xəbərlər

Rusiya hara gedir və ya hara aparırlar?

Rus qoşunlarının ölkəmizə “sülhməramlı” kimi gəlməsindən haqlı olaraq bir çoxumuz narahatıq. Çünki, “aşıq gördüyünü çağırar” el məsəlimiz var.
Rus çarı I Pyotr Xəzəri Rusiyanın daxili dənizinə çevirmək məqsədi ilə Xəzəryanı bölgələri ələ keçirməyi qərara alır. Elə o məqsədlə 1722-ci il iyunun 18-də Həştərxandan yürüşə başlayır, 1723-cü il iyulun 23-də Bakını işğal edir.
Ondan sonra başımıza gələnləri bilirsiz. Cənubi Qafqazda Russuz işimiz getmir, istəsəkdə-istəməsək də onsuz qərar vermək mümkün olmur, 300 ildir qıra-qıra, parçalaya-parçalaya bu vəziyyətə gətirib çıxarıb, başımıza gətirdiklərini yazsam çox uzun olar, qısacası bir Xalqı məhv etmək üçün nə qədər pislik etmək mümkündürsə hamısın edib. Buralara gələndən bizə heç bir faydası olmayıb.
Torpaqlarımızı hansısa ölkəyə vermək istəyəndə xahiş, minnət etmişik hamısını verməyib, bir az azaldıb və ya 1923-cü ildə Qarabağı ermənilərə hədiyyə etmək istəyəndə Nərimanovun xahişi ilə verməyib amma Qarabağa Muxtar Vilayət statusu verib, gələcəkdə problem yaratma asan olsun deyə. Bunu da bizə qarşı böyük qardaşlıq “xoşməramı” kimi qiymətləndirib.
SSRİ dağılanda rusdan canımızı qurtaracağımızı zənn edirdik. Hətta, 1992-ci ildə hərbi qüvvələrini ölkəmizdən çıxartdıq da. Amma başqa formada torpaqlarımızın 20 %-nı işğal etdi. Uzun sürən danışıqlardan, mübarizədən və planlardan sonra torpaqlarımızı işğaldan azad etməyə başladıq, bitirirdik ki, yenə peyda oldu. Yəni, qapıdan qovursan pəncərədən girir, pəncərədən qovursan qapıdan girir, misalı.
Son gəlişinin qarşısını ala bilərdikmi, başqa variantlarımız varmıydı, almağa çalışsaydıq nəticələri nə olardı? Cavab olaraq qısa deyim; – məncə qarşısını almağa imkanlarımız yox idi, çalışsaydıq da nəticələri yaxşı olmaya bilərdi.
İnanın ki, dövlət başçısı daxil bu Xalqdan olan heç bir vətəndaşımız Rus qoşunun ölkəmizə gəlməsini istəməzdi. Ağlı başında olan kimsə işğalçı rusun ölkəsinə gəlməsini niyə istəsin ki? Amma, buna baxmayaraq yenidən gəldi. Hətta bu dəfə guya “sülhməramlıymışlar”. Nə etməliyik soruşsanız, təmkinli, səbrli şəkildə, arxamızı qardaş Türkiyəyə söykəyərək mübarizəmizi davam etdirməliyik, birlik, bərabərlik olub, dövlətimizi qorumaqla daha da güclənməliyik, deyərdim.
Çünki, ətrafımızda bizim mənafeyimizə uyğun proseslər gedir. Apardiğimiz 44 günlük müharibə və yaranan yeni geostrateji vəziyyət Rusiyanın təsir imkanlarının azalmağa doğru getdiyini sübut etdi. Baş verən son hadisələr onun sabiq imperiya məkanında artıq tək olmadığını göstərir.
Əraziyə 100 ildən sonra hətta rəsmi Moskvanın “razılığı” ilə Türkiyə daxil olub. Türkiyə Cənubi Qafqazın ətrafında rəqib oyuncu kimi bir neçə il idi ki, fürsət gözləyirdi. Ölkəmiz, Rusiyanın bölgədəki ənənəvi maşası Ermənistan üzərində qələbə əldə etməklə Türkiyəni regionun əsas oyunçularından birinə çevirdi. İndi, Moskva atəşkəsə nəzarət etmək üçün NATO üzvü olan Türkiyənin hərbi müşahidəçilərinin Cənubi Qafqazda təmsil olunmasına və onlarla birlikdə işləməsinə razıdır. Sizcə biz bir neçə il bundan əvvəl bunu istəyə və deyə bilərdik?
Davam edən müharibədə Rusiyanın Ermənistana silah təminatı açıq aydın görünürdü. Rusiya təlimi və silahını alan erməni ordusunu, Türkiyə təlimi və silahını almış Azərbaycan ordusu darmadağın etdi. Bu mövcud vəziyyətdə güclər balansının ikincilərin xeyrinə dəyişdiyini göstərir. Həmçinin, belə vəziyyət Türkiyənin və ya ABŞ, Çin kimi qlobal oyunçuların bundan sonra Rusiya ilə çox da məsləhətləşmədən və ya onun reaksiyasından çəkinmədən Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsində daha da irəliləmə imkanını yaradacaq.
Qarabağda baş verənlər Moskvanın yalnız Cənubi Qafqazda deyil, postsovet məkanının qalan hissəsindəki nüfuzu üçün də əsl geosiyasi təhlükə formalaşdırır. Elə bunun da əlamətləri görünməyə başladı. Ukrayna və Gürcüstan Rusiya tərəfindən işğal olunmuş ərazilərinin geri qaytarılması üçün yollar axtardığını və bunun hətta hərbi müttəfiqlik vasitəsilə ola biləcəyini qeyd edirlər.
Ümumiyyətlə 2020-ci il Rusiyanın keçmiş ittifaq boyunca nüfuzunun zəifləməsi və əlavə problemlərinin yaranması ilə yadda qaldı. Onun ən yaxın müttəfiqi olan Belarusda xalq Moskva tərəfindən dəstəklənən diktatora qarşı çıxdı. Oktyabrda Qırğızıstanda baş verən inqilab Rusiya üçün sürpriz hadisə oldu, noyabr ayında da Kremlin dəstəklədiyi namizəd Moldovadakı prezident seçkilərində məğlub oldu. Qərbpərəst siyasətçi Maya Sandu, Moskvaya yaxın olan hazırkı prezident İqor Dodonu üzərində qələbə qazandı. Bütün bunlar Rusiyanın təsirinin necə azaldığını göstərir. Həmçinin, təsirdən qaçan ölkələr Rusiyanın düşmənləri və ya rəqibləri ilə mütəffiq olmağa can atırlar.
Rusiyanın Moldovada 1500 nəfərdən ibarət “sülhməramlı” qüvvəsi var. Bu hərbi qüvvələr Moldovadan qoparaq öz “müstəqilliyini” elan etmiş Dnestryanı ərazidə yerləşir.
Moldovanın yeni seçilmiş prezidentinin siyasi xətti Rusiya sülhməramlılarının ölkəsindən çıxarılması və ölkəsinin Avropa İttifaqına üzv olmasını təmin etməkdir. Rusiya öz qoşunların Moldovadan könüllü şəkildə çıxarmayacaq. Əlbəttə, bu da Rusiya üçün əlavə gərginlik və əlavə sanksiyalar gətirəcək.
Rusiyanın yüz illərdi tədbiq etdiyi “parçala hökümranlıq et” siyasətinə region ölkələri filosof Nitsşenin “məni öldürməyən nə varsa məni gücləndirir” prinsipi ilə yanaşaraq, daha da güclənməyə çalışırlar. Xalqlar anlayır ki, inkişaf və Rusiya bir-birinə tərs mütanasib anlayışlardı, inkişaf etmək üçün Rusiyadan kənarda durmalısan.
Rusiya keçmiş Sovet ölkələrinin bir çoxunda yaratdığı qondarma “müstəqillik” və ya “işğal” kimi problemlərlə həmin dövlətlər üzərində təsirini saxlamağa çalışır. Amma region ölkələrinin cəmiyyətlərinin Rus dövlətinə qarşı nifrəti çoxalır. Ən sıx əlaqələri olan (hətta dolandırdığı) Ermənistan və Belarus cəmiyyətlərində də bu nifrət getdikcə artır. Bu da Rusiyanın cəmiyyətlər üzərində təsirini azaltmaqla həmin ölkələrdə marağına uyğun olan hakimiyyətləri qorumaq və ya dəyişdirmək planlarını çətinləşdirir.
SSRİ dağıldıqdan sonra Rusiya keçmiş imperiya ərazisində təsirini saxlamağa çalışsa da buna tam nail ola bilmədi. Pribaltika ölkələri Avropa birliyinə üzv olmaqla təsir dairəsindən çıxdılar. Gürcüstan, Ukrayna və Moldova ərazilərinin Rusiya tərəfindən işğalına baxmayaraq təsirdən böyük həcmdə qaçdılar və qaçırlar. Forpostu olan Ermənistanda hakimiyyətə qərbin dəsdəklədiyi Paşinyanın gəlməsinin qarşısını ala bilmədi. Orta Asiyada Qırğızıstan cəmiyyətinin demokratik yönümlü olmasına görə Rusiyanın istəyindən kənar müstəqil qərar vermə imkanları var. Digər Orta Asiya ölkələrinin Rusiya ilə münasibətləri “az aşım, ağrımaz başım” siyasi xəttidir. Bu ölkələrin yerləşdiyi regionda qərbin olmaması, digər böyük qonşunun Çin olması kimi əlverişsiz geostrateji vəziyyətə görə Rusiyadan qaçmaq şansları və ya fikirləri çox da deyil.
Rusiya region ölkələri ilə əlaqələrini istədiyi kimi qura bilməsə də son illərdə Tramp hakimiyyətinin verdiyi “fürsətlərdən” istifadə edərək Yaxın Şərqdə – Suriya, Liviya, Aralıq Dənizində və Afrikada öz mövqelərini genişləndirməyə çalışır. Amma ABŞ-dakı hakimiyyət dəyişikliyi və Rusiyaya qarşı mənfi münasibətləri, Tramp hakimiyyətindən fərqli olaraq İrana qarşı yox Rusiya qarşı siyasət aparacaqları sıqnalları Kremli pərişan edəcək.
Hal-hazırda Rusiyanın əsas gəliri Avropa bazarına satılan qazdan əldə olunan vəsaitlərdi. Obama hakimiyyətinin Tehranla münasibətlərini yaxşılaşdırması İranın Avropa bazarına enerji çıxışı əldə etməsinə imkan verirdi. Tarmpın həmin razılaşmadan imtinası Rusiyanın Avropanı “enerji əsarətində” saxlamasını davam etdirməsinə şərait yaratdı. Yeni ABŞ hakimiyyəti İran qazını Avropaya çıxarmaqla Avropanı Rusiyanın təsir dairəsindən qurtarmağı və Rusiyanın əsas gəlir qaynağını bağlamağı düşünür. Həmçini, Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirməyi də planlaşdırır.
Rusiyanın digər əsas gəliri silah satışıdır. Amma son zamanlar Suriya, Liviya və Qarabağda aparılan hərbi əməliyyatlar Rusiya silahlarının “süni zəka” aparatları qarşısında acizliyini göstərdi. Sözsüz ki, bu hadisələr rus silahlarının nüfuzuna ağır zərbə olmaqla, müştərilərini azaldacaq.
Əhalini artımı baxımından da Rusiyada gələcəyinə doğru ümüdlər xoş deyil. Hər il 1 milyona yaxın azalma olmaqla yanaşı, çoxalanlar da türk əsilli və ya İslam dinli ailələrdi.
Bütün bunlar növbəti illərdə Rusiya üçün yaxşı vədlər vermir və ehtimal etmək olar ki, başına gələnlər Rusiyanı imperialist siyasətindən əl çəkməyə vadar edəcək. Daha ətrafındakı ölkələrin inkişafına işğallarla cavab verməyəcək. Bununla yanaşı Rus cəmiyyəti iqtisadi tənəzzülün verdiyi ağırlıqdan imperiya xülyalarını unudaraq milli dövlətə keçid etməyə başlayacaq.
Olmasını görmək istədiyimiz bütün bunlar və regionumuzda formalaşacaq yeni şərait Rusiya “sülhməramlılarının” ölkəmizdə uzun müddət qala bilməyəcəyini və ya formalaşacaq yeni stuasiyaya görə buna ehtiyac olmayacağını göstərir.
Əlbəttə ki, bunlar bu gün sabah olacaq işlər deyil. Amma tarixin gedişi, siyasi proseslər imperialist Rusiyanın inkişafdan çox sonluğa doğru getdiyini göstərir. Bir neçə il bundan əvvəl Türkiyə ilə Rusiyanın Qarabağı birlikdə müzakirə edəcəyini düşünürdükmü? Əlbəttə ki, bu Türkiyənin inkişafı ilə yanaşı Rusiyanın geriləməsi nəticəsində mümkün oldu. Tarix üçün 20-30 il nədir ki……
Sosiologiyanın və fransiz pozitivizminin banisi Ogüst Kontun cəmiyyət qanunauyğunluqlarının təbiət qanunauyğunluqları ilə əlaqəsinə dair maraqlı bir nəzəriyyəsi var. Cəmiyyətdə çox şey təbiəti təkrarlayır. Kövrək bir maddə bir yüngül zərbə ilə dərhal dağılır. Dəmir, polad kimi bərk xassəli maddələr isə döyüldükcə keyfiyyətini yüksəldir, daha qiymətli olur.
İnsanlar, xalqlar da maddələr kimi ilk, zəif bir zərbədən sınanı, əziləni və əksinə, döyüldükcə bərkiyəni, güclənəni olur.
Ona görə həyat mübarizəsində əzilməkdən, çətinliklərə sinə gəlməkdən qorxmayaq ki, bərkiyək və uzun müddətli mübarizədə qazanan tərəf olaq.
Yalçın Hacızadə,
Ana Vətən Partiyası sədrinin hüquq məsələləri üzrə müavini.